Premyer Liqada qalmağa layiq olmayan klub HANSIDIR?

8 Mart 2023 09:20 İspaniya 991
Premyer Liqada qalmağa layiq olmayan klub HANSIDIR?

Azərbaycan Premyer Liqasında 2022/23 mövsümü davam edir.

Çempionatın turnir cədvəlində qərarlaşan komandalardan bəziləri avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparırsa, digərləri elitada qalmaq üçün meydana çıxır.

25-ci turdan sonra turnir cədvəlinə nəzər yetirsək, görə bilərik ki, dörd komanda – “Sumqayıt”, “Kəpəz”, “Şamaxı” və “Səbail” Premyer Liqanı tərk etmək təhlükəsi ilə üz-üzədir.

Bu barədə tanınmış idman jurnalistlərinə “Sizcə, hansı komanda bu günə qədər göstərdiyi oyunla mövsümün sonunda Azərbaycan Premyer Liqasını tərk etməyə daha çox layiqdir” sualını ünvanladıq (komanda.az):

İxtiyar Əsgərov (matc.az)

“Oyuna qalsa, “Şamaxı”. 25 tur arxada qalıb, 4 təsadüfi qələbəsi var. Hələ indiyədək baş məşqçilərinin uduzduqları oyunlardan sonra komandadan narazı qaldığını eşitmədim. Xal qazandı, qazanmadı, ekran qarşısında gülə-gülə danışır. Komanda autsayderdir, amma rəhbərlik komandadan razıdır. Nə hesab soran var, nə nəticə tələb edən. Ancaq qələbə qazandıqları oyundan sonra mükafat haqda düşünürlər…

Bildiyim qədəriylə, “Turan Tovuz”la eyni büdcəyə malikdirlər. Amma Tovuz klubunun legionerləri var. “Şamaxı”da isə əcnəbi yoxdur, yəni büdcəni istədikləri kimi xərcləyirlər”.

Kənan Həsənov (Futbol+)

“Suala birmənalı şəkildə, konkret cavab vermək çox çətindir, həqiqətən. Turnir cədvəlində ikinci beşlikdə qərarlaşan komandalara baxdıqda, 6-cı yerdəki “Turan Tovuz” da özünü rahat hiss etməməlidir. Çünki qonşu pillələrdə qərarlaşan komandalarla xal fərqi yaxındır. Ona görə də, mövsümün qalan bölümündə beş komanda arasında ölüm-dirim mübarizəsi gedəcək.

Nisbətən şanslarını aşağı dəyərləndirdiyim “Şamaxı” və “Səbail”dir. Təbii ki, bu, şəxsi fikrimdir. Mən adını qeyd etdiyim komandalardan birini 10-cu pillədə görürəm. Lakin yenə də deyirəm: mövsümün qalan bölümü hər şeyi göstərəcək. Çox amansız və gərgin mübarizənin gedəcəyi şübhə doğurmur”.

İlkin Vaqifoğlu (sportinfo.az)

“Mən bu məsələdə “Səbail”in adını qeyd edərdim. Ümumiyyətlə, fikirləşirəm ki, onlar cari mövsümdə özünü heç bir mənada göstərə bilmədi. Komanda kifayət qədər zəif təsir bağışlayır. Baş məşqçi dəyişikliyi və ondan sonra qeydə alınan nəticələr bir daha göstərir ki, burada olan problemlər təkcə komandanın özü ilə məhdudlaşmır. Köklü problemlər rəhbərlik və onların idarəçilik üsulundan qaynaqlanır.

Mənim fikrimcə, rəhbərlik ötən ilin yayında Aftandil Hacıyevi istefaya göndərməli deyildi. O, 3-4 il komandada çox məhdud şərtlərlə çalışıb və kollektivi Premyer Liqada saxlamağı bacarıb. Sadəcə olaraq bu dəfə ona etimad göstərmədilər. Halbuki, o, bunu haqq edirdi. Klubun vəziyyəti mövsümlərarası fasilədə düzəlmişdi. İmkanların yaxşılaşdığı vaxtda Aftandil Hacıyevin istefaya göndərilməsi klub idarəçiliyi adına biabırçı qərar idi. Onun yerinə Mahmud Qurbanovu gətirdilər. Onu baş məşqçi postuna gətirmişdilərsə, ən azı mövsümün sonuna qədər möhlət verməli idilər. Amma bunu da etmədilər. Qış fasiləsində Şahin Diniyevi gətirdilər. Bu isə növbəti səhv idi. Ümumiyyətlə, klub rəhbərliyinin kimlərdən ibarət olduğu bilinmir. Sanki “Səbail” havadan asılı vəziyyətdədir. Kimin kluba əli çatırsa, o da istədiyini edir. AFFA, ayrı-ayrı şəxslər müdaxilələr edir. Klubun idarəçiliyində təmsil olunan şəxslərin ortalığa çıxıb normal fikir, ideya verməsini görməmişəm.

“Səbail”ə kifayət qədər vəsait ayrılıb. Onlar maliyyə büdcəsinə görə ilk beşlikdə qərarlaşmalı idilər. Amma bu gün komanda sonuncu pillədədir. Bu klubda bir çox şübhəli işlər var. Hər mənada burada çoxlu qaranlıq məqamlar var. Düşünürəm ki, onlara aydınlıq gətirilməyənə qədər “Səbail”dən hansısa bir uğur gözləməyə dəyməz. Klubun idarəçiləri dəyişilməlidir, ciddi audit yoxlanışı aparılmalıdır, meydanda və ondan kənardakı problemlər bir-bir araşdırılmalıdır. Bütün suallara aydınlıq gətirildikdən sonra bilinəcək ki, “Səbail” fəaliyyət göstərəcək, yoxsa yox”.

Nihat Ağasoy (fanat.az)

“Büdcəni nəzərə alsaq, Azərbaycan birinciliyini tərk etməyə layiq komanda “Səbail”dir. Yəni turnir cədvəlindəki mövcud vəziyyət qanunauyğunluqdur. “Səbail” futbolu bilən rəhbərlik tərəfindən idarə olunsaydı, hazırda avrokuboklar uğrunda mübarizə apara bilərdi”.

Anar Xanlarov (rekord.az)

“Oyun baxımından yanaşsaq, mənə görə, ikinci beşlikdə qışdan sonra hələ ki, ən zəif futbolu “Sumqayıt” göstərir. Ola bilsin bundan sonra komanda tədricən artırsın. Lakin bu günə qədər göstərdikləri oyun qaneedici deyil və əvvəlki “Sumqayıt”ın heç 20-30 faizi yoxdur. Bununla belə, Premyer Liqadan düşəcəyini düşünmürəm. Şəxsi fikrimə görə, “Şamaxı”nın Premyer Liqanı tərk etmək təhlükəsi daha çoxdur. Çünki millinin oyunlarından sonra, yəni aprel ayından etibarən çempionat ən həlledici və kritik dönəmə qədəm qoyacaq. Ki, həmin anda təcrübə ön plana çıxacaq. Hansı ki, bu gün istək, həvəs nə qədər yüsək olsa da, təcrübə baxımından ən axsayan komanda “Şamaxı”dır. Bu mənada, legionersiz, təcrübəsiz heyətdən təşkil olunan “Şamaxı”nın çempionatın gərgin mərhələsinə tab gətirəcəyi çox çətin olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti