Azərbaycan futbolunda yeni istedad: O, Premyer Liqaya gəldi - FOTOLAR

17:40 Hadisə 139
Azərbaycan futbolunda yeni istedad: O, Premyer Liqaya gəldi - FOTOLAR

Misli Premyer Liqasının son turu yerli futbol ictimaiyyəti üçün olduqca əlamətdar və ümidverici bir hadisə ilə yadda qalıb.

Gərgin keçən "Qarabağ" - "İmişli" qarşılaşmasının (3:0) 75-cü dəqiqəsində gənc bir istedad Premyer Liqa arenasına ilk addımları atdı.

"İmişli"nin perspektivli oyunçusu Nazim Hüseynov baş məşqçi Jorj Kaşkilyanın xüsusi etimadı və qərarı ilə çempionatda öz rəsmi debütünü gerçəkləşdirdi.

"Famalicao"da baxış və "İmişli"də fiziki yüksəliş

Nazim Hüseynovun peşəkar karyera yüksəlişi idman mütəxəssisləri tərəfimdən böyük maraqla izlənilir.

İlin əvvəlində Portuqaliyanın tanınmış "Famalicao" klubunda 8 günlük baxışda olan gənc orada keçirdiyi cəmi 2 günlük məşq prosesindən sonra özünü ən yaxşı tərəfdən göstərməyi bacarmışdı.

U-19 komandasının heyətində çıxdığı yoldaşlıq görüşündə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan solaxay vunderkind nümayiş etdirdiyi yüksək oyun intellekti sayəsində dərhal U-23 komandasının heyətinə cəlb olunmuşdu.

Bu qısa və uğurlu sınaqdan sonra ölkəyə qayıdan Nazim "İmişli" ilə 3 illik rəsmi müqavilə imzalayaraq, uzunmüddətli inkişaf planının bir hissəsinə çevrilib.

"İmişli"nin düşərgəsinə qoşulduqdan sonra gənc futbolçu üçün hər şey daha peşəkar müstəviyə keçib.

Klubda tətbiq olunan xüsusi proqram əsasında çəkisini artıran və əzələ kütləsini uğurla inkişaf etdirən Nazim "İmişli"nin Portuqaliyalı mütəxəssisinin ağır və tələbkar məşq metodologiyasına tam yiyələnib.

Məşqlərdə nümayiş etdirdiyi əzmkarlıq və performansla o, artıq böyük futbolda növbəti addımı atmağa hazır olduğunu vizual olaraq sübut edib.

Məşqçinin doğru zamanlaması: Hədəf həll olundu və şans gəldi

Nazimin debütü təsadüfi deyil, tamamilə planlı bir strateji gedişin nəticəsidir.

"İmişli" Premyer Liqada qalmaq missiyasını riyazi olaraq tam həll etdikdən sonra, portuqaliyalı baş məşqçi məşqlərdə özünü ən yaxşı tərəfdən göstərən gənc istedada şans verməyin əsl zamanı gəldiyini görüb və onu "Qarabağ"la prinsipial matçda meydana buraxıb.

Meydanda əsasən sol ayağını səmərəli istifadə edən Nazim taktiki baxımdan olduqca universal bir oyunçudur.

O, həm “10 nömrə” (pleymeyker), həm ikinci hücumçu, həm də sağ yarımmüdafiəçi mövqelərində eyni effektivliklə oynamaq bacarığına malikdir.

Nazim daha əvvəl "Araz Naxçıvan"ın U19 komandasının kapitanı olub, həmçinin "Qəbələ"nin əvəzedici heyətində uğurlu oyunlar keçirib.

Son tur və U-20 millisinə doğru

"Qarabağ"la oyundakı debütdən sonra gənc futbolçunun çempionatın artıq yekunlaşmaqda olan sonuncu turunda da yenidən forma geyinəcəyi və komandasına kömək edəcəyi gözlənilir.

Hüseynovun debutu futbol mütəxəssislərinin də diqqətindən yayınmayıb. Yaxın zamanda Nazimin Azərbaycanın U20 milli komandasına dəvət alacağı proqnozlaşdırılır.

Nəzərə alsaq ki, ölkə futbolunda Premyer Liqa səviyyəsində rəqabət aparan və eyni zamanda U-20 millisinə çağırılma potensialı olan gənc oyunçuların sayı bir əlin barmaqları qədərdir,, Nazimin bu hədəfə doğru irəliləməsi həm "İmişli", həm də Azərbaycan futbolunun gələcəyi üçün çox böyük vizyon və qürur mənbəyidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti