Azərbaycan Premyer Liqasının qalibi olan “Sabah” mükafatlandırılıb.
Çempiona qızıl medallar XXXII turda “Neftçi” ilə oyundan sonra (1:2) təqdim olunub.
Medalları AFFA prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.
“Sabah” həm də Azərbaycan Kubokunun qalibi olaraq 2025/2026 mövsümünü “qızıl dubl”la başa vurub.
Masazırdakı son tədbirdə bir kadr diqqət çəkib. Bu da federasiya başçısının çempionluq kubokunu yerli klubun rəsmiləri və futbolçularıyla birgə başı üzərinə qaldırmasıdır.
Bu, doğrudan da, onun “Sabah”ın qazandığı uğurlu nəticəyə necə ürəkdən sevinməsini göstərir. "X" sosial şəbəkə hesabında yazdıqlarının onun qəlbindən gəlməsinə şübhə bəsləməyə dəyməz.
"Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan "Sabah" Futbol Klubuna yüksək mükafatları təqdim etdik.
Bir daha mövsüm boyunca yüksək peşəkarlıq, əzmkarlıq nümayiş etdirən, azarkeşlərini məzmunlu oyunlar və inamlı qələbələrlə sevindirən "Sabah" klubunu ürəkdən təbrik edirəm", - paylaşımda qeyd olunub.
Belə yerdə ötən ilin mayını xatırlamağa yarar var. 2025-ci ilin bu ayında çempionluq kuboku “Qarabağ“ın stadionunda dolaşırdı.
Amma o, hörmətli Rövşən bəyin əlində deyildi. AFFA prezidenti titulu “köhlən atlar“a təqdim edərək, kənara çəkilmişdi. İndi isə o, “bayquşlar“la birlikdə səhnəni bölüşür.
Bu, nə anlamına gəlir - federasiya başqanının “Sabah“ı özünə bir “köynək“ daha yaxcın saymasımı, yoxsa..?
Yəqin ki, görüntüləri “Qarabağ“ cəbhəsində olanlar da izləyib və müşahidə etdikləri onlarda birmənalı təəssürat yaratmayıb. Bəlkə də kadrları izlədikcə, bir qədər qıcıqlanıb və təəssüfləniblər.
Əlbəttə, bu, yaxşı hal deyil. Dəyərli AFFA prezidenti klublara münasibətdə eyni duruşu sərgiləməli, onlarla eyni məsafədə davranmalıdır.
Ola bilsin, bilərəkdən etməyib, fərqinə varmayıb. Gərək bundan sonra diqqət yetirsin.
Bu, ilk növbədə AFFA-nın reputasiyası baxımından əhəmiyyətli məsələdir. Çünki Rəhim Həsənovun Hakimlər Komitəsinə sədr təyinatından sonra hakimlər çempionluq, ümumiyyətlə, medallar uğrunda yarışa böyük kölgə saldı, haqq-ədalət tərəzəsi lap pis əyildi.
«Fit sahibləri» iştirakçılar arasında ayrı-seçkilik hallarına yol verdi, tərəfkeşlik etdi.
AFFA-ya vaxt lazım olacaq ki, bu problemləri, söz-söhbətləri aradan qaldırsın.
Növbəti mövsümə aid islahatlara hakimlik sahəsindən başlanılmasa, daha heç kim susmayacaq. Başda «Neftçi» və «Qarabağ» olmaqla.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

