“İmişli”nin futbolçusu Ezekiel Morqan Sportinfo.az-a müsahibə verib.
23 yaşlı qanalı yarımmüdafiəçi komandasının Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sabah”a 1:2 hesabı ilə uduzduğu matçdan sonra üzgün halda sualları cavablandırıb.
-Niyə məğlub olduz?
- İlk növbədə çox yaxşı komandaya qarşı oynadığımızı qeyd etməliyəm. Rəqib çempionluğa iddialı və kuboku qazanmağa namizəd kollektivdir. Buna baxmayaraq, pis oynamırdıq, layiqli mübarizə aparırdıq. Bir epizodda sayıqlığı əldən verdik və “Sabah” bundan maksimum yararlandı. Futbol belədir, bir səhv hər şeyi həll edir.
- Sanki penalti seriyasını arzulayırdız.
- Elədir. Penalti zərbələri olsaydı, bəlkə də mərhələni adlayacaqdıq. Çünki bunu çox arzulayırdıq.
- Xeyrinizə təyin olunan penalti epizodunda rəqib topa əllə toxunmuşdu?
- Top “Sabah”ın futbolçusunun əlinə dəymişdi. Şübhəsiz, penalti idi.
- Səbəbkar Umarali Raxmonaliyev az öncə saytımıza açıqlamasında topun əlinə yox, başına dəydiyini iddia etdi. Videotəkrara baxandan da Umaralinin haqlı olduğu görünür.
- O, özünü müdafiə edir, elə deməlidir. Birmənalı penalti idi. Hakim VAR-a baxandan sonra əminliklə “nöqtə”ni göstərdi. Ortada hakimin qərarı var.
- Rəqib meydanında uğurlu nəticələr qazandığınız halda Qubada keçirdiyiniz görüşlərdə qələbə qazana bilməmisiz. Səbəb nədir?
- Quba doğma stadionumuz deyil. Onsuz da çempionat başlayandan bütün oyunları səfərdə keçirmişik. Nə vaxt İmişlidə oynasaq, o zaman ev oyunu keçirdiyimizi demək olar. Buna baxmayaraq, hər matça qələbə qazanmaq üçün çıxırıq.
HƏBİB

