“İmişli”nin baş məşqçisi Jorje Kaşkilya Azərbaycan Kubokunun 1/8 finalında “Sabah”a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Sportinfo.az xəbər verir ki, o, matçdan sonra təşkil edilən mətbuat konfransında deyib:
- Komandam yaxşı oyun göstərdi. Xüsusilə ilk hissədən razı qaldım. Topa nəzarət edir, yüksək pressinq tətbiq edirdik. Təəssüf ki, qol şanslarımızdan istifadə edə bilmədik. Əvvəlcə biz qol vursaydıq, oyun başqa cür ola bilərdi. “Sabah”ı standart vəziyyətdən vurduğu birinci qola görə təbrik edirəm – onlar ev tapşırığını yaxşı yerinə yetirdilər. Bu qol komandamı bir qədər çaşdırdı, amma tez toparlandıq. Mənim komandam xarakterlidir. Matçın sonunda qol vurub oyunu əlavə vaxta daşıya bildik. “Sabah” yaxşı icraçılara malik güclü komandadır. Onların ikinci qolu isə Parrisın fərdi epizodundan sonra gəldi. Hər iki komanda növbəti mərhələyə çıxmağa layiq idi, amma biz mübarizədən kənarda qaldıq.
– Mövsümün əvvəlindən hamı “İmişli”dən danışırdı. Amma “Sabah”a ardıcıl iki məğlubiyyətdən sonra komandanın “nağılı” bitdiyini demək olarmı? Yoxsa yenidən toparlana biləcəksiniz?
– Bunlar vacib oyunlar idi, amma komandam üçün mənfi təsir yaratmayacaq. Məğlubiyyətlərə baxmayaraq, yaxşı oyun göstərdik və layiqli rəqabət apardıq. İrəliyə baxacağıq”
– Klub qışda güclənəcəkmi?
– Komandanı gücləndirmək istərdik, amma bu vaxt yaxşı futbolçu tapmaq çətindir. Biz Premyer Liqanın nəhəngləri sırasında deyilik və böyük maliyyə imkanlarımız yoxdur.
– “İmişli” mövsümün ikinci hissəsinə harada hazırlaşacaq?
- Bakıda.

