Azərbaycan 5 gün sonra saatlar 00:00 göstərəndə ekran qarşısına kilidlənəcək.
Bütün ölkə “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində “Napoli” səfərindən xal və ya xallarla qayıtması üçün əllərini göyə tutacaq, bildiyi bütün dualları dilinə gətirəcək…
Təbii ki, 20 il əvvəl də dualarımız var idi, amma bunu daha çox torpaqlarımızın azadlığı üçün istifadə edirdik. Çempionlar Liqasının bu səviyyəsi ilə bağlı təsəvvürümüz isə sadəcə, saat 23:45-i göstərəndə “ANS”in ekranı qarşısına keçəndə yaranırdı.
O zamanlar hər şey tamamilə fərqli idi. Amma indi “Qarabağ” demək olar ki, beynəlxalq arenada and yerimizə çevrilib.
Qayıdaq 20 il əvvələ və təqdim etdiyimiz bu fotoya…
İndiki bütün sevinclər o zamankı üzücü bir qərarla başlayır…
Qurban Qurbanov belindəki, ona oynamağa imkan verməyə zədəyə görə 2005-ci ildə futbolçu karyerasını başa vurmağı qərara alır və onun şərəfinə “Tofiq Bəhramov”da vida matçı keçirilir. Meydana Qurban Qurbanovun kapitanı olduğu millimiz və ölkəmizdə çıxış edən legionerlərdən ibarət yığma komanda çıxır.
Qarşılaşmanın sonunda tabloda indi qələbə simvolumuza çevrilən 44 rəqəminin ortasında iki nöqtə yer alır – 4:4.
Millimizdən Qurban Qurbanov dubl edir, Rəşad Sadıqov və Elşən Məmmədov hərəyə bir dəfə fərqlənirlər. Əcnəbilərin yığmasından isə Pathe Banqura (dubl), Mohansa Pedro və Laki İdahor adını tabloya yazdırır.
Bu foto isə Asim Xudiyevin final fitindən sonra lentə alınır. 33 yaşlı Qurban Qurbanov oğlu Musanı qucağına alır, yaxın dostu, hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqov, eləcə də qardaşı Musa Qurbanov onun ətrafında meydanı tərk edirlər…
Belindəki zədəyə görə futbolçu karyerasını başa vuran Qurban Qurbanovun bu dəfə çiyinlərinə ağır yük düşür.
Baş məşqçi kimi “Neftçi”də uğursuz debütdən sonra 2008-ci ildə “Qarabağ”la anlaşan mütəxəssis Azərbaycan futbolunun ağırlığına tab gətirərək Ağdam klubunu nəhəng “Çelsi”dən xal almaq, “Benfika”nı səfərdə devirmək səviyyəsinə çatdırır…
Qurban Qurbanovun qucağındakı 3 yaşlı Musa isə böyüyərək “Ferentsvaroş”la səfər matçında həlledici qola imza atıb “Qarabağ”ın 8 il sonra ÇL-in əsas mərhələsinə vəsiqə qazanmasında böyük pay sahibi olur (teleqraf).

