Sentyabr aryında gözlənilmədən “Neftçi”dən ayrılan Qədir Həsənov fəaliyyətini bölgə təmsilçisində davam etdirə bilərmiş.
14 il “ağ-qaralar”ın əsas komandasında çalışmış stajlı funksioner “İmişli” ilə razılığa gəlməyə çalışıb. Burada da menecer vəzifəsini yerinə yetirməliymiş.
Həsənov aran təmsilçisinin düşərgəsinə baş çəkərək qollarını çırmalayıb, işə başlayıb. Söhbət müqavilə bağlamaq məsələsinə çatanda...
Qədir bəy klub rəhbərliyinə çatışmazlıqlarla bağlı məlumat verib, bir çox sahələrdə səliqə-səhman yaratmağın lazım bildiyini söyləyib. İrad və təkliflərini masanın üzərinə qoyub ki, bunları həll edin, sənədə qol çəkim.
Lakin ona “İmişli”ni “Neftçi” ilə səhv salmamaq tövsiyə olunub, Bildirilib ki, buradakı imkanlar əvvəlki klubundakı qədər geniş deyil. Ona görə də çatışmazlıqların hamısını aradan qaldırmaq bu gün üçün mümkünsüz görünür.
Qarşı tərəfin fikirlərini dinləyən Qədir Həsənov sakit şəkildə qapını arxadan bağlayıb.
Səbəbkar 2010-cu ilin avqustundan paytaxt təmsilçisində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin oktyabrından menecer postunu tuturdu.
HƏBİB / SPORTİNFO.AZ


