Hazırda "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqov özünün "vatsap" statusunda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla bağlı maraqlı foto paylaşıb.
Sportinfo.az xəbər verir ki, şəkil 2005-cı ildə, Qurban Qurbanovun futbolçu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən milliyə rəmzi vida oyununda çəkilib.
Həmin vaxt yerli və Azərbaycanda oynayan legionerdən ibarət seçmə futbolçular qarşılaşıb.
Qeyd edək ki, şəkildə Q.Qurbanovun qucağındakı uşaq onun oğlu, hazırda "Qarabağ"da çıxış edən Musa Qurbanlıdır. M.Qurbanlının həmin vaxt 3 yaşı olub.
Şəkildə futbol ictimaiyyətinə tanış daha bir sima var. Qara kurtkada olan şəxs Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanovdur.
Bir çox klubda oynamış Q.Qurbanovun futbolçu kimi son komandası Bakı "İnter"i olub.


