
Bir müddət əvvəl sizə əfsanəvi futbolçu Devid Bekhemin oğlu Romeno Bekhemin sevgilisi, məşhur şotland heykəltəraşının nəvəsi Kim Törnbull haqqda məlumat vermişdik.
Sportinfo.az xəbər verir ki, indi isə növbə sabiq futbolçunun böyük oğlu Bruklin Bekhem və həyat yoldaşı Nikola Peltsdədir.
Nikola 1995-ci il yanvarın 9-da Nyu-York ştatının Vestçester bölgəsində anadan olub və bu yaxınlarda 30 yaşını qeyd edib. O, Bruklindən 4 yaş böyükdür.
Anası model Klaudiya Heffner, atası isə amerikalı sənayeçi və milyarder Nelson Peltsdir. İş adamının sərvəti hazırda 1,7 milyard dollar dəyərində qiymətləndirilir.
O, “Trian Fund Management” investisiya fondunun təsisçisi, “Wendy’s” restoranlar şəbəkəsinin müstəqil sədri və “Procter & Gamble”, “Sysco”, “Legg Mason” və “Madison Square Garden Company” kimi nəhəng şirkətlərdə direktor vəzifəsində çalışır.
Nikolanın bir bacısı və altı qardaşı var. Onlardan biri Bred Pelts keçmiş peşəkar hokkeyçidir.
Nikola aktrisadır. Onun kino debütü 2006-cı ildə baş tutub. Denni De Vito və Metyu Broderikin rol aldığı "Welcome to the Neighborhood" (“Xoş gəldiniz və ya qonşulara giriş qadağandır”) komediyasında çəkilib.
Ümumilikdə, onun filmoqrafiyasında 12 film var. O, "Beyts moteli" serialının ulduzudur. Həmçinin Nayt Şyamalanın “Sonuncu hava əhliləşdirici” və “Transformerlər 4” filmlərində rol alıb.
Bundan başqa, Nikola Mayli Sayrusun “7 Things” klipində də çəkilib.
Nikola və Bruklinin münasibəti 2019-cu ilin oktyabrında başlayıb. Həmin vaxt Bekhemin oğlu cəmi 20 yaşında idi. Əvvəllər cütlük mətbuatdan gizlənməyə çalışırdı, lakin 2020-ci ilin əvvəlində artıq Parisdə keçirilən moda nümayişində birlikdə görünüblər.
2022-ci ilin aprelin 9-da onlar Florida ştatının Palm Biç şəhərində keçirilən təntənəli toy mərasimi ilə ailə həyatı qurublar. Toyda Mel B, Qordon Ramsi, Eva Lonqoriya kimi məşhurlar iştirak edib, Nikolasın və Bruklinin şərəfinə isə Mark Entoni ifa edib.
Bruklin rəsmi olaraq həyat yoldaşının soyadını da qəbul edib və indi onun tam adı Bruklin Pelts-Bekhemdir.