
Azərbaycan millisinin baş məşqçisi Fernando Santuş sabiq futbolçusu Jorje Kostanın ölümü ilə bağlı fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis vaxtilə “Portu”da çıxış etmiş və klubda direktor vəzifəsində çalışmış Kostanın 53 yaşında vəfatından kədərləndiyini söyləyib:
“Bu, böyük şok və böyük itkidir. Bakıya təzə çatmışam, xəbərlərə baxırdım və bu məlumatı eşidəndə çox təəccübləndim.
Ailəsinə və “Portu” klubuna başsağlığı verirəm. O, mənim dostum idi. “Portu”da komandamda üç il kapitan oldu və aramızda daim möhkəm münasibət qaldı”.
Santuş 1998-2001-ci illərdə “Portu”da çalışdığı dövrdə komandanın formasını geyinən sabiq müdafiəçi ilə bağlı xoş xatirələrinin olduğunu vurğulayıb:
“Jorje meydanda hər şeyini verən biri idi. Meydandan kənarda isə tam fərqli, dostcanlı və ünsiyyətcil xarakterə sahib idi.
Meydanda da, kənarda da, paltardəyişmə otağında da kapitan idi. “Portu” üçün əsl simvol idi.
Hər kəs onu “canavar” ləqəbi ilə tanıyırdı, meydanda canını qoyurdu. Jorje təkcə “Portu” üçün deyil, ümumiyyətlə, Portuqaliya futbolu üçün iz qoyan oyunçu idi.
1991-ci ildə Lissabonda keçirilən U-20 dünya çempionatını qazanan nəsildən biri idi”.
Jorje Kosta Portuda yerləşən San Joao xəstəxanasında ürəktutmasından vəfat edib. 1992-2005-ci illərdə “Portu” formasını altında 383 rəsmi oyunda çıxış edib.
Karyerası ərzində Çempionlar Liqası, UEFA Kuboku, Qitələrarası Kuboku, 8 dəfə Portuqaliya çempionluğunu, 5 Portuqaliya kubokunu və 5 dəfə Superkubokunu qazanıb.