
Niderland çempionu və “Tvente”nin sabiq müdafiəçisi Ronni Stam böyük miqyaslı narkotik qaçaqmalçılığında ittiham olunur.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 2,2 ton kokainin Avropaya daşınmasından gedir.
Narkotiklərin bazar dəyəri təxminən 57 milyon avro qiymətləndirilir.
Məhkəmə qarşısına çıxarılan şəxslər arasında Stamla yanaşı, onun böyük qardaşı Rudi Stam da var. İstintaq materiallarına əsasən, qardaşlar beynəlxalq narkotik tədarük şəbəkəsində fəal iştirakda şübhəli bilinirlər.
Niderland prokurorluğu Ronni Stam üçün 13 il, Rudi Stam üçün isə 6 ildən çox həbs cəzası tələb edir. Həmçinin, onlardan 1,7 milyon avro məbləğində cərimə tutulması istənilib. Məhkəmə prosesi Bred şəhərində keçirilir.
Təhlükəsizlik orqanlarının məlumatına görə, 2020–2021-ci illərdə narkotik vasitələr Cənubi Amerikadan Avropaya, o cümlədən Niderland və Almaniyaya göndərilib. İttihama əsasən, Stam qardaşları bu əməliyyatların təşkilində əsas fiqurlardan olublar.
Ronni Stam məhkəmədə 2020-ci ildə Braziliyadan Frankfurt şəhərinə 20 kq kokainin göndərilməsində vasitəçilik etdiyini etiraf edib, ancaq daha genişmiqyaslı əməliyyatlarda iştirakını inkar edir.
O, 2024-cü ilin iyunundan bəri həbsdə saxlanılır. Onun hazırda 40 yaşı var.