
Mayın 16-da Gürcüstanın paytaxtı Tbilisidə futbol bayramı idi.
Öncəki illərdə “İnter” və “Milan”ın veteranları Gürcüstan millisinin sabiq üzvləri ilə yoldaşlıq görüşü keçirmək üçün qonşu ölkəyə təşrif buyurmuşdusa, bu dəfə keçmiş “Barsa”lılar gəlmişdi.
İndiyə qədər Azərbaycana Zlatan İbrahimoviç, Maykl Essyen, Ronaldinyo, Deku, Kristian Karambö, Lionel Messi, Serxio Buskets, Luis Suarez, Xordi Alba kimi məşhurlar səfər etsə də, veteranlar arasında oyunun keçirilməsi ilə bağlı müzakirə aparılmayıb.
Halbuki ölkəmizin belə bir oyunun təşkili baxımından maliyyə problemi yoxdur. Söhbət şəxsi əlaqələrdən gedirsə, bu mənada da geridə qalmırıq. Tofiq Bəhramov adına Respublika stadionuna 30 min azarkeş cəlb etmək isə problem sayıla bilməz.
Belədirsə, eçmiş futbol ulduzları hər il Tbilisiyə yollandığı halda, Bakıya uçmaq niyə problemə çevrilir?
Mövzu ilə bağlı aradığımız Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev sualı nala-mıxa vurmadan səmimi şəkildə cavablandırdı:
“Gürcüstanın veteran futbolçuları kimlərdir? Kaxa Kaladze, Şota Arveladze, Levan Kobiaşvili, Aleksandr İaşvili, Temuri Ketsbaya və sair.
Baxın, görün hansı komandalarda oynayıblar, hansı uğurlara imza atıblar. Bu kimi oyunlarda şəxsi əlaqələr vacib rol oynayır. Ulduz futbolçular gürcü veteranları tanıyırlar. Ona görə də bu cür matçlar təşkil edirlər.
Bizimkilərdən “Milan”da, “Ayaks”da, “Çelsi”də, “Mançester Siti”də kim oynayıb? Bu mənada Gürcüstandan geri qalırıq.
Bir də ki, maliyyə olmadan heç nə etmək mümkün deyil. Veteranlar İttifaqının Nizamnaməsini illərdir təsdiq edə bilmirik, o qalmışdı büdcəmiz olsun.
Bu qədər məşhurun Bakıya gəlib-getməsi, məskunlaşması, qidalanması böyük vəsait tələb edir. Ona görə də bizi aşan məsələdir.
AFFA, Gənclər və İdman Nazirliyi, yaxud hansısa sponsor şirkət belə bir oyunun keçirilməsini öhdəsinə götürsə, biz də Veteranlar İttifaqı olaraq veteranları bir araya gətirib hazırlaşarıq”.
HƏBİB / SPORTİNFO.AZ