
2024-cü ilin yayında "Liverpul"da fəaliyyətini başa vuran Yurgen Klopp yenidən məşqçi karyerasını bərpa etməyə hazırlaşmır.
O, bu barədə azərbaycanlı keçmiş həmkarı Aftandil Hacıyevlə söhbətində bildirib.
Hazırda "Qarabağ"ın futbol akademiyasının baş koordinatoru vəzifəsini tutan mütəxəssis bununla bağlı Sportinfo.az-a maraqlı açıqlama verib.
Avropa Klublar Birliyinin (ECA) keçirdiyi tədbirdə iştirak üçün Almaniyaya səfər edən və burada Kloppla görüşən Hacıyev məşhur məşqçiylə dialoqundan bir fraqmenti danışıb:
"Mən ondan karyerasını nə vaxt bərpa edəcəyini soruşdum. Sualıma gülümsəyərək cavab verdi.
Dedi, niyəsə hamı elə fikirləşir ki, mən işləmirəm. Söylədi ki, hazırda "Red Bul" ilə çalışır. Bu şirkətin müxtəlif ölkələrdə 5 futbol klubu var.
Almaniyadan "Leyptsiq" və Avstriyadan "Zalsbruq" onların başında gəlir.
Kloppun sözlərinə görə, bu klubların hamısı onun nəzarətindədir və onların fəaliyyəti və görəcəyi işlər barədə "Red Bul"a davamlı olaraq hesabat təqdim edir.
Mən ondan "Real"dan gələn dəvət haqda da soruşdum, cavab verdi ki, hazırkı işindən çox məmnundur və başqa heç nə barədə maraqlanmır".
2015-ci ildən 2024-cü ilə qədər "Liverpul"da işlədiyi müddətdə Klopp İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqasının qalibi olub.