COP29

Azərbaycan çempionatında analoqu olmayan İLGİNC QƏRAR!

3 Aprel 19:40 Hadisə 1 797
Azərbaycan çempionatında analoqu olmayan İLGİNC QƏRAR!

İkinci Liqada 19-cu tur arxada qalıb.

Çempionluğa iddialı "Qusar" Sumqayıtda "Kür Araz"ı qonaq edib.

Nominal meydan sahiblərinin qələbəsi ilə başa çatan (2:1) qarşılaşmaya baş hakim Rövşən Rəcəbov öz damğasını vurub.

Belə ki, referi 90 dəqiqə başa çatmamış oyunu bitirib.

O, əsas vaxtın bitməsinə 30 saniyə qalarkən final fitini verib.

Həmin məqamda hücum edən tərəf qonaqlar olub. Hesabda geri olan "Kür Araz" rəqibin cərimə meydançasına yaxın yerdə yan xətdən topu oyuna daxil etməyə hazırlaşırmış. Amma hakimin tələsik qərarı buna mane olub.

İşin ən qəribə tərəfi isə odur ki, Rövşən Rəcəbov protokolda ikinci yarıya 3 dəqiqə əlavə olunmasını qeyd edib.

Bu isə o anlama gəlir ki, qarşılaşma ən azı 3,5 dəqiqə erkən dayandırılıb.

Bu gün Premyer Liqa klubları hakimlərin yarıtmaz idarəçiliyindən daş atıb, başlarını tuturlar.

Düzdü, Yüksək Liqada bərbad idarəçiliklə yadda qalan referilər gördüyümüz halda, aşağı liqada onların həmkarlarından yaxşı performans gözləməyə dəyməz. Amma belə sadə qaydalara əməl etməkdə axsamaq lap biabırçılıqdır.

O zaman Hakimlər Komitəsinin sədrini Türkiyədən bura gətirməyə nə gərək vardı?

Olmaya mətbuata danışmaqdan qaçan, ölkəmizdə xan kefini çəkən Barış Şimşək iclaslarda heç ən sadə qaydaları da hakimlərə öyrətmir?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti