"Biz tənqidə adət etmişik"

3 Aprel 02:40 Hadisə 213
"Biz tənqidə adət etmişik"

AFFA-nın növbəti konfransı keçirilir.

Sportinfo.az xəbər verir ki, konfransda Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Çingiz Hüseynzadə də iştirak edir.

O, çıxışı zamanı Azərbaycanda son illərdə futbolun inkişaf etdiyini bildirib. Bununla yanaşı, o, vaxtilə Azərbaycan millisinin ev oyunlarını keçirmək üçün stadion tapmadığını da xatırlayıb:

"Bu gün Azərbaycan futbolunun möhtəşəm günlərindən biridir. Hesab edirəm ki, bu nəinki illik konfransdır, bu son 16 ilin hesabatına bənzəyən konfransdır. Mən belə qəbul edirəm.

İllər keçir, Azərbaycan futbolu inkişaf edir. Haradan buralara gəlib çıxmışıq, unutmamalıyıq.

30 il bundan əvvəl, mən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışırdım. Bir hadisə baş verdi, canlanma yaşandı.

Azərbaycan İsraillə oynamalı idi. Lakin heç bir stadionumuz qəbul olunmadı. Ulu Öndər maraqlandı, məni də çağırdılar ki, niyə Azərbaycanda bir stadion yoxdur ev oyunlarını orada qəbul edək?

Onda Ulu Öndərə Tofiq Bəhramova adına Respublika Stadionunun şəkillərini göstərdilər. Futbol meydançasında qoyunlar otarırdılar.

Heydər Əliyev dedi ki, Sumqayıtda gözəl stadion tikmişdik, o stadion nə vəziyyətdədir? Dedilər o da elə durumdadır ki, beynəlxalq oyunlar keçirmək olmaz.

Məcburiyyətdən Trabzonda oynadıq. Bunu nəyə görə yada salıram? Bu gün Azərbaycanda çox güclü futbol infrastukturu var.

Azərbaycan futbolda müəyyən sözünü demiş ölkədir. Son illərdə “Qarabağ”ın nəticələrini böyük sevinc hissi ilə yaşayırıq.

Bunlar hamısı son 15-16 ildə həyata keçirilmiş tədbirlərin nəticəsidir. Ona görə də yeni seçiləcək heyətə uğurlar arzu etməklə yanaşı, bu dövrdə əziyyət çəkmiş, Azərbaycan futboluna hərtərəfli dəstək olmuş insanlara təşəkkür edirəm.

Onların əməyidir ki, bu vəziyyətə gəlib çıxmışıq. Düzdür, mediada tənqidlər olur. Hətta millinin oyunlarından narazılıqlar var.

Tənqid iş olan yerdə var. Olimpiya Komitəsində buna adət etmişik. Olimpiya çempionlarının sayı artdıqca, tənqidlərin də sayı artır.

Bu, normal hadisədir. Ümid edirəm ki, Azərbaycan futbolu bundan sonra da inkişaf edib, yeni-yeni nailiyyətlər qazanacaq".

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb