“Qarabağ” üçün ağlayan qız, xüsusi şəxs, qapanan dəhliz – VİDEO+FOTOLAR

19 Mart 21:00 Hadisə 420
“Qarabağ” üçün ağlayan qız, xüsusi şəxs, qapanan dəhliz – VİDEO+FOTOLAR

“Qarabağ” Avropa arenalarındakı inamlı çıxışı ilə ölkə futbolsevərlərinin könlündə taxt qurub.

Artıq uşaqdan böyüyə, nazirdən fəhləyə, kişidən qadına, futbolun dərinliklərindən xəbərsiz olanlar belə bu komandaya və onun adına xüsusi rəğbət bəsləyir.

Martın 17-də Tovuzda yaşananlar isə sözün əsl mənasında möhtəşəm idi. “Turan Tovuz”la oyun üçün bölgəyə yollanan “köhlən atlar” burada qəhrəmanlar kimi qarşılandı və yola salındı.

Ən kiçik detala diqqət yetirən jurnalist olaraq əla səhnələrə tamaşa etdik. Lakin xoşagəlməz mənzərələr də yox deyildi.

Təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə qurulmaması, daha dəqiq desək, səliqə-səhmanın qaydasında olmaması.

Oyun başa çatandan sonra ağdamlıların məşqçi və futbolçuları ilə şəkil çəkdirmək həvəsində olan yerli azarkeşlər “Qarabağ”ın avtobusunu mühasirəyə almışdı ki, belədə paltardəyişmə otağından avtobusa olan dəhlizi bağlanmışdı. Çox çəkl-çevirdən sonra polislər gec də olsa insanları ərazidən uzaqlaşdırmağı bacardı. Halbuki, bunu vaxtında etmək lazım idi.

Xüsusi şəxslərin – akkreditasiyası olanların yer ala biləcəyi dəhlizdə də qələbələlik yaşanırdı. 4-5 nəfərdən ibarət xanım dəstəsi orta yaşlı kişinin təşəbbüsü və nəzarəti ilə bir göz qırpımında “Qarabağ”ın soyunub-geyinmə otağının qarşısına qədər irəliləməyi bacardı.

Mühafizəçi üçün onları oradan uzaqlaşdırmaq çətin idi. Hətta “futbolçular soyunurlar, hara gedirsiz” kimi əsaslı iradı da işə yaramadı.

Polis çavuşunun məsələyə müdaxiləsindən sonra qızları böyük çətinliklə dəhlizdən uzaqlaşdırmaq mümkün oldu.

Miks-zonanın qarşısında o qədər adam var idi ki. Əsasən gənc və yeniyetmə “Qarabağ” həvəskarları. Sanki Premyer Liqa yox, Region Liqası matçıydı.

“Bazar ab-havası”nı görən AFFA nümayəndəsi polislərə bununla əlaqəli iradını bildirincə, “Turan Tovuz”a bağlılığı olmayan mülki geyimli şəxs oyunun rəsmi adamına irad bildirməkdən çəkinmədi:

“Siz polislərə niyə göstərişi verirsiniz? Onları təlimatlandırmaq lazım deyil, özləri bilirlər. Uşaqların burada dayanmasında nə problem var?

Cinayətkar deyillər, cinayət törətməyə hazırlaşmırlar. O boyda “Qarabağ” gəlib, uşaqlar şəkil çəkdirmək istəyirlər. Bir də harada görəcəklər onları? Şəkil çəkdirib gedəcəklər. Narahat olmayın”.

Sözsüz, azarkeşlərin futbolçularla şəkil çəkdirməsində heç bir problem yox idi. Onsuz da arenaya bu arzu ilə gələnlərin bəziləri istəyinə çatdı.

Təəssüf ki, həmin şəxs bunu dəhlizdə - oyunun rəsmi şəxslərinin yer aldığı ərazidə, jurnalistlərin müsahibə almalı olduğu yerdə etməyin qadağan olduğunu ya anlamırdı, ya da anlamaqda çətinlik çəkirdi. Nə isə...

Son oyunlarda vurduğu qollarla adından söz etdirən Nəriman Axundzadənin qız fanatının göz yaşlarına hakim ola bilməyib, “nə olar, icazə verin şəkil çəkdirim, Nərimanı “instagram”da izləyirəm, fanatıyam” sözləri eşidənlərin “ürəyinə dağ basdı”.

Açığı, sonradan məqsədinə çatıb-çatmadığını görmədim.

Premyer Liqa matçında bu cür anları görmək həqiqətən xoşdur. Adam özünü bir neçə dəqiqəlik də olsa böyük futbol ölkələrində hiss edir.

“Qarabağ” sevgisi var, başa düşürük. Ancaq bunu səliqəli və anlayışlı şəkildə etmək rəğbətli olar.

HƏBİB, Tovuz

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti