Nazir "Qarabağ"ın legionerinə nə mükafat verdi? - VİDEO

24 May 2022 01:00 Hadisə 732
Nazir "Qarabağ"ın legionerinə nə mükafat verdi? - VİDEO

İdman Araşdırmalar Mərkəzinin (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda bu gün qrup mərhələsinin son görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında III turun 4 qarşılaşması oynanılıb.

Günün ilk matçı A qrupunda "Füzuli" və "Xocavənd" komandaları arasında olub. "Xocavənd" 9:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Qarşılaşmanı fəxri qonaq qismində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev, Report-un baş redaktor müavini Pərvin Abbasov və Azərbaycan millisinin sabiq kapitanı, "Neftçi" ilə "Keşlə"nin (hazırkı "Şamaxı") sabiq baş məşqçisi Tərlan Əhmədov izləyib.

Növbəti qarşılaşma B qrupunda "Suqovuşan" və "Xocalı" komandaları arasında gerçəkləşib. 2:1 hesablı qələbə qazanan "Suqovuşan" yarımfinala adlayıb.

Qarşılaşmadan əvvəl İAM-ın sorğusuna əsasən 2021/2022 mövsümünün ən yaxşı futbolçusu seçilmiş "Qarabağ"ın futbolçusu Kadi Borges müfakatlandırılıb.

26 yaşlı yarımmüdafiəçi İAM və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokundakı "Suqovuşan" - "Xocalı" oyunundan əvvəl təltif olunub. Braziliyalı oyunçuya mükafatı gənclər və idman Naziri Fərid Qayıbov verib.

Bundan əlavə, 2020/2021 mövsümünün ən yaxşı oyunçusu seçilmiş, Türkiyənin "Bursaspor" klubunda çıxış edən Namik Ələskərovun mükafatı da təqdim olunub. Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev 27 yaşlı yarımmüdafiəçi hazırda Bursada olduğu üçün mükafatı onun 4 yaşlı övladı Amilə verib. Mükafatlardan başqa Kadi Borgesə "Şuşa", Ələskərova isə "Kəlbəcər" komandalarının formaları təqdim edilib. Ramin Musayev və Fərid Qayıbov da hədiyyə olaraq xatirə formaları alıblar. "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev F.Qayıbova "Suqovuşan", İAM-ın sədri Elşən Məmmədov isə Ramin Musayevə "Ağdam" komandasının formasını verib. Bildirilib ki, Suqovuşandakı avarçəkmə, kayak və kanoe üzrə Prezident Kuboku işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış olduğundan və nazir burada iştirak etdiyi üçün ona məhz bu komandanın forması verilib.

Günün üçüncü qarşılaşmasında C qrupunda "Laçın" və "Qubadlı" komandaları üz-üzə gəlib. Oyunu fəxri qonaqlar qismində Milli Məclisin deputatı Cavid Osmanov və veteran futbolçu Novruz Əzimov izləyərək, topa ilk rəmzi toxunuş edib. "Laçın" 3:2 hesablı qələbə qazansa da, "Qubadlı" qrupdakı komandalarla müqayisədə daha üstün top fərqinə görə, mərhələ adlayan tərəf olub.

Nəhayət, günün son oyununda D qrupunda "Zəngilan" və "Xankəndi" komandaları qarşılaşıb. Fəxri qonaqlar Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, tanınmış jurnalist Qulu Məhərrəmli və məşhur şahmatçı Zeynəb Məmmədyarova olub. "Xankəndi" 9:0 hesabı ilə qalib gəlsə də, daha üstün top fərqinə malik "Ağdam" yarımfinala çıxıb.

Mayın 28-də keçiriləcək yarımfinal oyunlarında "Xocavənd" "Qubadlı" ilə, "Ağdam" "Suqovuşan"la görüşəcək.

Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu ilə gerçəkləşir.

Digər Xəbərlər
Xəbər Lenti