Klubun başında dayananlar qalmaqallı vitse-prezidentin səlahiyyətlərini məhdudlaşdırdı

19:25 Hadisə 185
Klubun başında dayananlar qalmaqallı vitse-prezidentin səlahiyyətlərini məhdudlaşdırdı

«Şəfa»nın himayədarları onlardan çoxdan gözlənilən qərarı verib.

Belə ki, vitse-prezident Əfran İsmayılovun əksər səlahiyyətləri əlindən alınıb.

İyunda bu vəzifəyə təyin olunan millinin sabiq yarımmüdafiəçisi daha hökm sahibi deyil.

Onun əsas komanda və təşkilati işlərlə müdaxilə imkanları məhdudlaşdırılıb. Həmçinin İsmayılovun ötən 3 ay ərzində gördüyü işlərin araşdırılmasına başlanılıb.

Klubun sponsorlarına məlum olub ki, İsmayılov onlardan xəbərsiz bir neçə müqavilə imzalayıb. Və həmin sənədlərdə prezident Kənan Sadıqlının qolu göstərib.

Əlbəttə ki, bu, ciddi səhvdir və araşdırılması mütləqdir. Çünki iyundan - İsmayılovun yüksək vəzifəyə gətirilməsindən sonra «Şəfa»da çoxlu xoşagəlməz hadisə baş verib.

Vitse-prezidentdən hamı - adi işçidən tutmuş ta ofisdə çalışan rəsmilərə, məşqçilərə qədər hamı narazıdır. İsmayılov özünü normal idarəçi kimi aparmır, tabeliyindəki şəxslərlə kobud davranır, onları aşağılayır, yerli-yersiz sözlər deyir, tənbeh edirdi.

Yeni funksionerdən şikayətlər bu üzdən durmadan artırdı. Hamıya elə gəlirdi ki, Kənan Sadıqlı və Emil İsgəndərov heç kimdir - klubun sahibi və prezidenti İsmayılovun sözüylə oturub-durur.

Çünki vitse-prezident özünü hər yerdə külli ixtiyar sahibi kimi aparırdı. Yəni, adlarını yuxarıda çəkdiyimiz personaları idarə edən də odur.

Görünür, bu söz-söhbətlər, narazılıqlar, şikayətlər İsgəndərovla Sadıqlının qulağına çatıb, onlarda haqlı narahatlıq yaradıb.

Öz aramızdır, özünə hörmət edən hansı şəxs himayəsindəki klubda belə ab-havanın və görüntünün yaranmasına göz yumar?

Çox da ki, İsmayılov futbolun içindən gəlib, 3-5 il top arxasınca qaçıb. İdarəçi olmaq başqa şeydir, məsuliyyəti böyükdür.

O, futbolçuluq dönəmindəki Əfran olaraq qalıbsa, mütləq surətdə «hava»sı alınmalı, əsl yeri başa salınmalıdır. «Şəfa» kolxoz bazarı deyil ki, hər gələn burada hoqqa versin.

Bu mənada klubun başında dayananlar gec, amma düzgün addım atdı. Vəziyyət belə davam etsəydi, daha pis hadisələr baş verəcək, himayəçilər lap hörmətdən düşəcəkdi.

Hələlik İsmayılovun qabağını alıblar və güman ki, bu, müvəqqəti hal olmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO