İrəvan Kremllə müttəfiqliyi pozdu

28 Noyabr 2023 16:30 Gündəm 371
İrəvan Kremllə müttəfiqliyi pozdu

Cənubi Qafqazda əsas "münaqişə ocağı" artıq söndürülüb.

Kremlin icad etdiyi "Dağlıq Qarabağ problemi" birdəfəlik həll olunub.

Rusiya ilə yanaşı, ABŞ və Qərbin də öz maraqları naminə yararlandığı erməni separatizmi və terrorizmi də artıq məhv edilib. Və Azərbaycana birbaşa təzyiq üçün real mexanizmlər demək olar ki, mövcud deyil.

Ona görə də, hazırda Cənubi Qafqazda Azərbaycana qarşı geopolitik manevrlərlə hansısa regional hədəfə çatmaq olduqca çətin məsələyə çevrilib. Üstəlik, rəsmi Bakı son illərdə xarici təzyiqlərə və təsirlərə qarşı daha güclü immunitet qazana bilib. Və bu baxımdan, həm Qərb siyasi dairələrinin, həm də Rusiyanın Azərbaycanla qarşıdurmadan daha çox anlaşmaya üstünlük verməsi qaçılmaz xarakter daşıyır.

814e4a1f24910383014a04866e883c48.jpg (256 KB)

Təbii ki, belə vəziyyətdə ABŞ və Qərb Cənubi Qafqazda rəqabəti yalnız Rusiya ilə qarşıdurma üzərində qurmaq məcburiyyətində qalıb. Yəni, bu prosesdə Azərbaycan qarşıduran tərəflərdən heç birisinin maraqlarını təmsil etməyə məcbur deyil. Və rəsmi Bakı müstəqil xarici siyasət yürütmək, yalnız Azərbaycanın milli maraqlarını ön planda tutmaq imkanlarına malikdir.

Maraqlıdır ki, Azərbaycanın həm ABŞ və Qərb, həm də Rusiya üçün əlçatmaz olması geopolitik proseslərin məzmun və istiqamətlərini də dəyişmiş olur, Hər halda, ABŞ və Qərb hazırda Rusiya ilə regional rəqabəti yalnız Ermənistan üzərindən idarə etməyə məcbur qalıb. Bu isə istər-istəməz Qərbin Cənubi Qafqazda geopolitik manevr məkanını ciddi şəkildə daraldır. Və Ermənistanın geopolitik effektinin aşağı olması Qərbin planlarını ciddi risk altına salır.

Buna baxmayaraq, hazırda ABŞ və Qərb israrla Ermənistanı Rusiya ilə qarşıdurma vəziyyətinə sürükləməkdə davam edir. Rəsmi İrəvan Qərbdən aldığı təlimatlara uyğun olaraq, Rusiya ilə mövcud olan müttəfiqlik münasibətlərini artıq tamamilə korlamış kimi görünür. Və belə davam edərsə, Rusiya-Ermənistan münasibətlərinin qəlizləşməsi geriyə dönüşü olmayan mərhələyə keçə bilər.

Məsələ ondadır ki, rəsmi İrəvan Rusiyanı fəal şəkildə baykot etməyə başlayıb. Paşinyan hakimiyyətinin təmsilçiləri Rusiyanın iştirak etdiyi heç bir qurumun toplantısına qatılmırlar. Üstəlik bu məqsədlə "vaxtımız yoxdur" kimi absurd bəhanələrdən istifadə edirlər. Və Kremlin belə bəhanələrlə Rusiyanın baykot edilməsinə vərdişli olmadığı da inkaredilməz reallıqdır.

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

Xüsusilə də, rəsmi İrəvanın KTMT toplantılarını nümayişkaranə şəkildə baykot etməsi Kremldə hələlik yalnız çaşqınlıqla qarşılanmaqdadır. Paşinyan hakimiyyətinin bu davranışları əslində, Rusiyanın beynəlxalq nüfuzuna sarsıdıcı zərbə xarakteri daşıyır. Kreml isə hələlik Ermənistana münasibətdə hansı addımları atmağın vacib olduğunu tam müəyyən etməyə nail olmayıb. Rusiyanın tərəddüdlü reaksiyaları da məhz bu məqamdan qaynaqlanır.

Halbuki, hazırda Rusiya Ermənistanın sabotaj xarakteri daşıyan davranışları ucbatından böyük önəm verdiyi KTMT-nı itirmək təhlükəsi ilə üzləşib. Kreml son vaxtlar rəsmi İrəvanın məhz ABŞ və Qərbin təlimatları ilə hərəkət etdiyini açıq mətnlə gündəmə gətirməyə başlayıb. Rusiya siyasi dairələrində artıq anlayırlar ki, rəsmi İrəvan KTMT-nı sabotaj etməklə, bu hərbi-siyasi alyansın iflasına cəhd göstərir.

Son bir il ərzində rəsmi İrəvan Qərbin sifarişi ilə KTMT-nı az qala iflic vəziyyətinə salmağa nail olub. Bu proses baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə İrəvanda keçirilən sammitdə KTMT-nın yekun qərar sənədlərini imzalamaqdan imtina etməsiylə başlayıb. İndi isə nəinki Paşiyan hakimiyyətinin təmsilçiləri bu qurumun toplantılarına qatılmırlar, üstünlük, Ermənistan öz rəsmi nümayəndəsini KTMT-dan geri çağırıb. Və bu, əslində, Ermənistanın KTMT-dan de-fakto imtina etməsi anlamı daşıyır.

Nə qədər qəribə də olsa, Kreml bütün bunların qarşılığında hələ də Rusiyanın Ermənistana yönəlik ümidlərindən bəhs edir. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kremlin zamanla Ermənistanın KTMT-da fəaliyyətini bərpa edəcəyinə inandığını vurğulayıb. Bu, o deməkdir ki, rəsmi İrəvan KTMT-da artıq fəaliyyət göstərmir. Kreml təmsilçisi rəsmi İrəvanın mövqeyinə bələd olduqlarını, ancaq onunla razılaşmadıqlarını da qeyd edib. Onun fikrincə, KTMT-ya hələ ciddi ehtiyac olduğundan bu qurumu dağıtmaq deyil, əksinə, inkişaf etdirmək və gücləndirmək lazımdır.

496af1b0b390dd77eade592b812661a0.jpg (247 KB)

Halbuki, Paşinyan hakimiyyəti ABŞ və Qərbdən Kreml təmsilçisinin dediklərinin əksinə yönəlmiş təlimatlar alıb. Ona görə də, rəsmi İrəvanın Kremllin ümidlərini doğruldaraq, KTMT-da Ermənistanın fəaliyyətini bərpa etməyə həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil. Və bu baxımdan, Kreml əvvəl-axır prinsipial qərar vermək məcburiyyətində qala bilər.

Məsələ ondadır ki, Kreml Ermənistanı Rusiyanın orbitində qalmağa məcbur etməyin yolunu axtarmalı olacaq. Əks halda, Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı ABŞ və Qərbin forpostuna, Fransanın isə yeni müstəmləkəsinə çevriləcək. Belə olacağı təqdirdə, Ermənistanın geri qaytarılması Rusiya üçün əlçatmaz hədəf xarakteri daşıyacaq. Və bu halda, həm KTMT, həm də Rusiya Ermənistanı ən azından müvəqqəti də olsa, itirmiş olacaq.

Ona görə də, Kreml Ermənistanın təmsil olunmadığı KTMT modeli barədə də düşünmək məcburiyyətindədir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Ermənistansız KTMT həm də rəsmi İrəvan üçün yeni hərbi-siyasi problemlər deməkdir. Çünki bu halda, Ermənistan artıq müttəfiq ölkədən KTMT-nın hərbi hədəfinə çevrilmiş olacaq. Əslində, Rusiyanın prinsipial qərar vermək məcburiyyətində qalarkən, keçirdiyi tərəddüdlərin əsas səbəbi də məhz bu önəmli məqamda gizlənir. Və Kreml hələlik Ermənistanı açıq hərbi hədəf pilləsinə keçirməyə tələsmir (musavat.com).

Digər Xəbərlər
Xəbər Lenti
29 Fevral 18:10 Çək və bizə göndər!
29 Fevral 11:00 Yaxşı, siz deyən olsun!
29 Fevral 07:30 Cəlal kubokla vidalaşdı