
Canni de Byazinin Azərbaycan millisindən gedişi elə bir partlayış yaradıb ki, nə Premyer Liqanın 14-cü turu yada düşür, nə də “Qarabağ”ın 5-6 gün sonra “Mölde” ilə səfər oyunu.
İndi hər kəsi iki sual maraqlandırır.
Millinin yeni baş məşqçisi əcnəbi olacaq, yoxsa yerli?
Yerli olacaqsa, kim olacaq?
Kifayət qədər geniş çevrəni əhatə edən məlum mövzunun müzakirəsi günün nəbzinə hesablanıb, işıqlı gələcək naminə yox.
Yəni sabah yığma Yoahim Lövə, yaxud Qurban Qurbanova və ya Rəşad Sadıqova tapşırılsa, nə dəyişəcək? Millimiz əvvəlki günlərini unutdurub, fərqli oyunla alışmadığımız qələbələri sıralaya biləcək?
Əsla!
Millidən uğur istəyiriksə, ilk növbədə uşaq futbolundakı nöqsanlar aradan qaldırımalıdır. O gün İntizam Komitəsinin cəza-cərimələrinə baxdım. U-10, U-11 liqalarında razalət yaşanır. Meydan sahib komanda oyuna çıxmır, digər komanda 11 nəfəri düz-qoş edə bilmir və s.
Uşaq və yeniyetmələrə futbol oynamağı öyrətməklə yanaşı, vətənpərvərlik ruhu aşılanmalıdır. Milliyə CV-sini zənginləşdirib, qələbələrə görə pul qazanmaq gözü ilə baxılmamalıdır. Türkiyə seçməsinin futbolçuları kimi bayraq və himn üçün canlarından keçməyə hazır olmalıdırlar.
Hətta sadaladıqların 5-10 il üçün hesablanıbsa belə, hazırkı yığmada da görüləcək işlər çoxdur. İstər onların milli komandaya olan baxış və maraq bucağını dəyişmək olsun, istərsə də təmizləmə əməliyyatı apararaq bəzi oyunçuları oradan uzaqlaşdırmaq.
Ölkənin bir nömrəli futbol komandasını kimə tapşıracaqlarsa, xeyirli və uğurlu olsun. Tələsmək növbəti faciəyə yol aça bilər. Yüz ölçüb, bir biçmək mütləqdir. İctimaiyyətin ortaya atıb reklam etdiyi ad(lar)ın dalınca qaçmağın fəsadı ağır ola bilər.
Qurban Qurbanovu növbəti dəfə millini çalışdırmamaq fikrindən daşındırıb gətirmək və azı 3 illik anlaşma əldə etmək bu gün üçün ən doğru seçimdir. Hətta o, olmasa belə, onun kimi təcrübəli, 5-10 il məşqçilik təcrübəsinə sahib birinə güvənmək lazımdır.
Ancaq yenə o fikirdə qalıram ki, dərdimiz baş məşqçi dərdi deyil. Heç kimə deyə bilməyəcəyimiz qədər ağırdır.
HƏBİB / SPORTİNFO.AZ