Bizim İlkin…

25 Noyabr 2023 13:40 Gündəm 652
Bizim İlkin…

Yaşının 45-ə gəlib çatdığını biləndə düzü, bir anlıq yerimdə donub qalıram.

Gör necə sürətlə keçir ömür.

45 yaş. Mini yubileylərdən daha biri. 50 illik böyük yubileyə nə qalır ki?

45 il… Ondan çıxırsan 23 ili. Qalır 22 il.

22 il… 22 yaş.

Sarışın, arıq bir oğlandır hələ. Həyatda ilk görüşümüzdür. “Nərimanov” parkı, qarşımızda da bir çaynik çay… Armudu stəkanı ara-sıra ağzına yaxınlaşdırır, sonra onu nəlbəkiyə qoyub sürətlə, emosionallıqla, bir az da ucadan danışmağa başlayır. Diqqətimi çəkir. Bir yerdə çalışmağı təklif edirəm, qəbul edir.

1 ay, 2 ay, 3 ay…

“Futbol+”dən tanıdığım İlkin indi mənimlə “525-ci qəzet”dədir. Yeni dövr, yeni karyera… Yeni yazılar. Yazı da nədir?

İlkinin bir kopyası…

Xarakterindəki o emosionallıq da, prinsipiallıq da, barışmaz mövqe də, amma mərhəmət və ədalət də hamısı hopub ora. Təkcə dünənki yazılarında yox, həm də bu gün sizin, mənim, hamımızın izlədiyi o reportajlarda var İlkin…

Yazılarında, reportajlarındakı ruh həm də İlkinin özüdür!

***

Bizim el-obada belələrinə “dilinə görə dilçəyi olan adam” deyirlər…

Yəni mərd adam.

Və dəliqanlı adam…

Bir də… qəlbi körpə uşaq ürəyi qədər yumşaq adam. 1-2 cümləlik həssas sözə gözü yaşaracaq adam.

Həm də yol adamı…

O yolun əhatə etdiyi coğrafiyada haralar yoxdu ki? London, Vyana, Afina, İstanbul, Moskva... Daha haralar, hansı ölkələr, hansı şəhərlər var? Unudulub çoxu. Amma əlbəttə, o coğrafiyada heç vaxt unudulmayacaq bir məkan, Vətən torpağı var. Başına hər cür zülm gətirilən Qarabağ torpağı. Ağdam. Ağdamda bir dağılmış evin həyəti…
Ətrafı seyr etdikcə tutulur, tükləri biz-biz olur. Sonra qürurla deyir: “Əhdinə sadiq qalıb, məni evinizə gətirdin”.

Yaradana necə şükr etməyəsən?!

Ev…

Yurd...

Yurd yeri həm də dost adamın yeridir.

Dost adamın.

Mənim, sənin… dostu olan adamın.

İlkinin...

Bizim İlkinin.

Aydın Bağırov

Digər Xəbərlər
Xəbər Lenti