Futbol ictimaiyyətinin gündəmini bir neçə gündür zəbt edən əsas olay Canni De Byazinin Belçikada yol verdiyi tərbiyəsiz hərəkətlərdir.
Belə ki, italiyalı mütəxəssis Belçikaya darmadağınla məğlubiyyətdən (0:5) sonra keçirilən mətbuat konfransında öncə jurnalistləri təhqir edib.
Sitat: “Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrari komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”.
O, bu çıxışın ardınca isə konfrans zalını erkən tərk edib.
Görəsən, 67 yaşlı qocanın bu qədər qabağa gedib, belə tərbiyəsiz açıqlama verməsinə səbəb nədir? Günahkar kimlərdi? Bundan sonra əcnəbi çalışdırıcı milli komandamızla davam edə bilərmi?
Bütün bu suallara cavab tapmaq üçün üz tutduq idman mətbuatının nümayəndələrinə.
Rəşad Ergün (Komanda.az): "De Byazi jurnalistlər haqda dedikləri ilə həddini aşıb və milli komandanın baş məşqçisinə yaraşmayan ifadələr işlədib. Görünür, burda qalmayacağını anlayıb və illərdir içində yığıb-saxladığı nifrəti qusur.
Ancaq bizim media da bəzən reallıq hissini itirir, özlərini Azərbaycan yox, Argentina, Fransa millisindən nəticə tələb edən jurnalistlər kimi aparırlar
Məsələ De Byazinin gedib-getməməsindən çox, onu milldə kimin əvəz edə biləcəyidir. Tutaq ki, De Byazi getdi, yerinə başqa biri gəldi. Nə dəyişəcək? Seçmə mərhələlərdə 3 xal çox, ya da 3 xal az toplayacağıq. Bir halda De Byazinin getməsi sərf edər ki, yerli məşqçilərdən biri milliyə gətirilsin, daha az məvacib qarşılığında işləsin. Açığı, mənim milli komandaya, potensialına ümidim elə də çox deyil".
Kənan Məstəliyev (Rekord.az): "Canni De Byazi Azərbaycana gəlmiş ən tərbiyəsiz, abırsız futbol adamıdır. Bəlkə də elə bir idman adamı ölkəmizə gəlməyib. Onun ilk gündən azərbaycanlılara yuxarıdan aşağı baxmaq xasiyyəti vardı. Hər zaman da davam edib. Sadəcə onu gətirənlər, arxasında duranlar, müqaviləsini uzadanlar bütün başverənlərə cavabdehdir. Bu adamın jurnalistləri təhqir etməsində qeyri-adi heç nə yoxdur. Bilir ki, meydanda heç nə qazana bilməyib, məşqçilik bacarığını ortaya qoya bilməyib ona görə də bəhanə axtarır. Və hədəf kimi jurnalistləri seçir. Media əhlinin emosiyalarını cilovlaya bilməyib ona qarşı hərəkət etmələrinə təhrik edir. Sonra da desin ki, mən işləyirəm, amma imkan vermirlər. Bir sözlə, jurnalistlərdən öz məqsədi üçün istifadə etmək istəyir. Biz də öz səviyyəmizi göstəririk. Bəli, təhqiri qəbul etmirik. Öz sözümüzü qələmimizlə deyirik və deməyə də davam edəcəyik. AFFA rəhbərliyi məsələni nəzərə almalıdır. Baş katib Sərxan Hacıyevi təqdir edirəm. Federasiyada olduğu müddətdə çox böyük işlər görüb. O, araya girərək üzr də istədi. Aranı sakitləşdirmək üçün addım atdı. Buna görə ona öz təşəkkürümü bildirirəm. Amma proses belə qalmayacaq. De Byazi ya getməlidir, ya getməlidir. Bunun başqa yolu yoxdur. Belə tərbiyəsizlik bağışlana bilməz. O və başqaları bilməlidir ki, bu yolla uğur qazanmaq mümkün deyil. Düzdü, millidə yerli mütəxəssisin çalışmasını istəyirəm. Lakin əcnəbi çalışdırıcının millidə olması da problem deyil. Gətirilən adam haqqında 100 ölçüb-biçilməlidir. Məşqçi həm də bir müəllim və tərbiyəçidir. Özünün tərbiyəsi olmayan adamın başqalarına tərbiyə verməsi mümkün deyil".
Amal Abışov : "De Byazi təkcə dünən yox, ümumiyyətlə, həmişə özünü "arxalı köpək" kimi aparıb. Bu da ondan irəli gəlir ki, onun AFFA-da havadarları var. Bizim milli bu adamlar üçün şərikli biznesdi. İsveçlə oyundan sonra da italyan özünü dağın başına qoydu. Günahkar sözsüz ki, AFFA-dır. Onunla yola davam edilməsi nə idman, nə də mənəvi prinsiplərə görə doğru deyil".
XANOĞLAN / SPORTİNFO.AZ

