"Qarabağ"ın yüksək vəzifə alan funksioneri 3 klubu da irəli aparmağı öz üzərinə götürdü

1 Oktyabr 19:00 Gündəm 662
"Qarabağ"ın yüksək vəzifə alan funksioneri 3 klubu da irəli aparmağı öz üzərinə götürdü

Avropa Klublar Birliyində (ECA) təmsil olunan Azərbaycan klublarının nümayəndələrinin sayı tezliklə arta bilər.

Premyer Liqamızın 4 iştirakçısı hazırda ECA-nın üzvüdür. Bunlar "Qarabağ", "Neftçi", "Qəbələ" və "Sumqayıt"dır.

Onlardan yalnız "köhlən atlılar"ın elçisi qurumun rəhbərliyində yer alır. "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov ECA-nın qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilib.

O, qurumun Berlində təşkil olunan Baş Assambleyası çərçivəsində keçirilən seçkidə klubların səs çoxluğunu alaraq, qarşıdakı 4 il müddətində bu qurumda təmsil olunmaq hüququ qazanıb.

Assambleyada qurumun Şura üzvlərinin sayı 24-dən 30-a qədər artırılıb.

Beləliklə, növbəti 4 il üçün ECA-da "Qarabağ" rəsmisi Asif Əsgərovla yanaşı, PSJ, "Atletiko" Madrid, "Mançester Siti", "Bavariya", "Roma" kimi Avropanın nüfuzlu klublarının da rəhbər şəxsləri təmsil olunur.

Bizdə olan məlumata görə, A.Əsgərov digər azərbaycanlı funksionerlərin də ECA-da önə çıxmasına çalışır.

O. bununla bağlı artıq ilk addımları atıb. İcraiyyə Komitəsinin Polşanın paytaxtı Varşavada keçirilən son toplantısında bununla bağlı məsələ qaldırıb.

ECA və UEFA arasında razılaşmaya əsasən, birincilərin nümayəndələri Avropa futbol qurumunun bütün komitələrində təmsil olunacaq. Bu məqsədlə ECA-nın nəzdində 8 yeni işçi qrupu yaradılıb.

Həmin işçi qruplarına seçilməyə 3 klubumuzun nümayəndələri də namizəddir. ECA-nın İcraiyyə Komitəsi qarşıdakı 1 ay ərzində bununla bağlı qərar verəcək.

Bizdəki informasiyaya görə, A.Əsgərov bu yöndə fəal təbliğat aparır və çalışır ki, Azərbaycan klubları ECA-da daha çox söz sahibi olsun, irəli getsin.

O, bir növ korpü rpolunu oynamağı öz üzərinə götürüb.

Avropa Klublar Birliyi özündə qitənin 500-dək klubunu birləşdirir.

2008-ci ildə təsis olunan ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır. Qurum Avropada klubların maraqlarını müdafiə edir.

Qitənin bütün TOP klubları bu quruma üzvdürlər. Avropada klub yarışları (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) məhz ECA-nın tövsiyəsindən sonra UEFA tərəfindən nəzərə alınmaqla keçirilir.

Ümumiyyətlə, ECA bu gün Avropa klubları üçün böyük əhəmiyyət daşıyan, söz sahibi olan mötəbər qurumdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti