18-20 noyabr tarixləri aralığında Azərbaycan kubokunun oyunları keçiriləcək.
İlk təsnifat mərhələsində Birinci və İkinci Liqanın təmsilçiləri qarışıq formada öz aralarındakı münasibətləri aydınlaşdıracaq.
3 gün ərzində 7 oyun baş tutacaq ki, cütün 7 qalibi növbəti mərhələyə yüksələcək.
Sportinfo.az xəbər verir ki, iki məşhur sima birinci təsnifat mərhələsində komandalarına kömək edə bilməyəcək.
Bunlar Azərbaycan millisinin sabiq futbolçuları Təmkin Xəlilzadə ilə Cavid Hüseynovdur.
“Qusar”ın futbolçusu kimi qeydiyyatdan keçən Xəlilzadə ötən mövsüm “Zirə”nin heyətində aldığı qırmızı vərəqəyə görə cəzalı durumdadır.
“Cəbrayıl”ın baş məşqçisi Hüseynov isə ötən mövsüm “Şamaxı”nın baş məşqçisi olanda “Turan Tovuz”la matçdan sonra aldığı “qırmızı”ya görə bu dəfə texniki zonada yer ala bilməz.
Bu mərhələdə “Qusar” “Şahdağ Qusar”la, “Cəbrayıl” isə “Ağdaş”la qarşılaşacaq.
HƏBİB / SPORTİNFO.AZ

