Cümə günü güləşçilərin keçirdiyi etiraz aksiyası bir anda ölkə gündəmini zəbt etdi. Sportinfo.az xəbər verir ki, cəmiyyətin hər təbəqəsindən buna münasibət bildirən oldu. Hər kəs öz baxış bucağından məsələyə baxıb, olayı müxtəlif formada dəyərləndirdi. Kimlərsə hakimiyyəti qınadı, kimlərsə idmançıları.
Az sonra məlum oldu ki, Rəsul Çunayev klubdan ayrılıb. “Neftçi”dən əvvəki kimi diqqət və qayğı görmədiyini bildirən dünya çempionu klubdan ayrılmaq qərarına gəldi. Yuxarıda da qeyd etdiyimiz kimi, hadisəyə fərqli yanaşma var.
Müxaliflər güləşçiləri böyük cəsarət göstərmələri, haqlarını tələb etmələri münasibətiylə təbrik edir, onlara təriflər yağdırırsa, hakimiyyət yönümlü qüvvələr bunu az qala xəyanət kimi dəyərləndirir. Bir az da keçsə, güləşçiləri vətən xaini çıxaracaqlar.
Təəssüf ki, sərbəst güləş üzrə yığmamızın baş məşqçisi Firdovsi Umudov da bu aksiyanın əleyhinədi. Hər halda, çalışdırıcının “feysbuk” səhifəsində yazdıqlarından belə anlaşılır: “Güləş üzrə yığmalarımızın üzvlərinin etiraz aksiyası ilə bağlı xəbərlər tərəfimizdən böyük narahatlıqla qarşılandı. Belə bir hadisənin baş verməsinə təəssüf edirəm. Çünki bütün bunlar hər şeydən öncə Azərbaycan adına yaraşmayan bir haldı.
Üstəlik, söhbət Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının qalib və mükafatçılarının iştirakı ilə baş verirsə. Məlum məsələ idi ki, mətbuatda gedən bu xəbərlər mütləq şəkildə ölkə hüdudlarından kənara çıxacaq və vətənimiz haqda xoşagəlməz söhbətlərin yaranmasına səbəb olacaqdı. Belə də oldu.
Artıq ölkəmizi sevməyən, düşmənlərimizdən maliyyələşən bəzi mətbu qurumlar bu hadisədən şəxsi məqsədləri üçün istifadə etməyə başlayıblar. Qan-tər tökərək dövlətimizin adını ucaltmaq üçün min bir əziyyətə qatlaşan həmin idmançılar bundan sonra etdiklərindən peşmanlıq hissi keçirsələr də, artıq olan oldu. Sonrakı peşmanlıq isə fayda verməz.
Dövlətimizin idmana olan diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Güləş Federasiyası ölkəmizin hər zaman ən öndə gedən idman qurumlarından biri kimi özünü doğruldub. Bu vaxta qədər Olimpiya Oyunları, dünya və Avropa çempionatları və birincilikləri, Dünya Kuboklarında əldə olunan uğurlu nəticələr söylədiyim fikirləri sübut edir.
Bütün bu uğurlarda isə federasiya prezidenti cənab Fazil Məmmədov və I vitse-prezident, Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü Namiq Əliyevin böyük rolu var. Etiraz edən idmançılar yəqin ki, bu şəxslərin hər zaman onların yanında olmalarını, ailə-məişət problemlərinin, ən kiçik çatışmazlıqlarının məhz bu şəxslər tərəfindən həll olunmasını unutmayıblar. Üstəlik, London və Rio Olimpiya Oyunları, ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarından sonra dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə mükafat qazanan idmançıların hər birinə ayrılan mükafat dərhal verilib.
Bu səbəbdən gələn ay keçiriləcək dünya çempionatı öncəsi belə bir halın yaşanması olduqca böyük təəssüf doğurur. Etiraz etmək vəziyyətdən çıxış yolu deyil. Çıxış yolu ortaya çıxan problemlərin birgə həll olunmasına çalışmaqdı. Biz dövlətimizin əsgəriyik, mükafat olsa da, olmasa da, Azərbaycanımızla, bayrağımızla, dövlətimizlə fəxr etməliyik. Ola bilər ki, müəyyən problemlər ortaya çıxsın. Amma gərək yaxın keçmişi də unutmayasan. Biz bütün çətinliklərə dözməli və yeni qələbələr haqda fikirləşməliyik. İnanıram ki, yaxın gələcəkdə bütün problemər öz həllini tapacaq”.
Cümə günü güləşçilərin 1 ildən artıq maaş üzünə həsrət qalmaları və normal təlim-məşq toplanışı keçmədikləri üçün keçirdikləri etiraz aksiyasında Toğrul Əsgərov da iştirak edirdi. Rəsul Çunayev və Hacı Əliyev problemlərdən danışdıqdan sonra media nümayəndələri olimpiya çempionunun da danışmasını istədi. Ancaq gəncəli pəhləvan həmkarlarının hər şeyi dediyini və yeni bir fikir səsləndirə bilməyəcəyini söylədi.
Ancaq biz fürsətdən istifadə edib, ondan 1-2 kəlmə qopardıq. Türkmənistandan gələn təklifdən sonra baş verənlər haqda danışmasını istədik: “Mənə Türkmənistandan təklif olmuşdu. Ancaq daha öncə də açıqladığım kimi, mən bu təklifə "yox" demişəm. Ola bilər, şəxsi məşqçim Elman Əsgərov mətbuata açıqlamasında təklifi götür-qoy edəcəyimizi deyib. Ancaq belə bir şey yoxdu. Mən qəti şəkildə onlara “yox” cavabı vermişəm.
Əvvəlcə Elman müəllimi Türkmənistana dəvət etdilər. Daha sonra məni də tanınmış idmançı kimi ora çağırdılar. Təklif əvvəlcə Bakıda şəxsi məşqçimə çatdırılıb. Mən ora gedəndən sonra orda mənə də dedilər. İstənilən halda, bu təklifə neqativ cavab verdim. Neçə il ölkəmi beynəlxalq yarışlarda təmsil etmişəm, bayrağımızı yüksəyə qaldırmışam. Bütün bunlardan sonra ölkəni tərk etmək doğru olmaz.
Cərrahiyyə əməliyyatının xərcləriylə bağlı danışmaq istəmirəm. Çünki bu artıq maraqsız mövzudu. Söhbət artıq ölüb. O ki qaldı Bakıdakı evimi satıb, bu əməliyyata getməyimə, belə bir şey qətiyyən olmayıb. Ola bilər, Elçin Zeynalov qəzetinizə belə bir açıqlama versin. Ancaq bu, tam əsassız məlumatdı. Bir şeyi də qeyd edim ki, mənim adımdan “feysbuk”da səhifə açıb, istifadə edənlər var. Elə bu məsələni qızışdıranlar onlar olub. Düzdü, “feysbuk”da səhifəm var. Bu səhifəni illər öncə açmışdım. Ancaq parolunu unutduğumdan, həmin səhifəni istifadə edə bilmirəm” ("Futbol+").

