Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu olan Rəsul Çunayev gələcək karyerası ilə bağlı qərar verib. "Rio-2016" nın bürünc mükafatçısı "Neftçi İdman Klubu"ndan ayrılıb.
Buna isə Çunayevin qazandığı uğurlara görə vəd edilən mükafatların klub tərəfindən verilməməsi olub. Sadıq Sadıqovun rəhbəri olduğu "Neftçi" İK-dən güləşçiyə "bugün-sabah" deyilsə də, vədə əməl edən olmayıb.
Aldadıldığını görən Çunayev "Neftçi" İK-dən ayrılmağa qərar verib. Məlumatı Bakıda keçirilən I Avropa Oyunlarının qızıl medalçısının özü də təsdiqləyib.
Sportinfo.az xəbər verir ki, "Neftçi"İK-nun mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu sosial şəbəkə vasitəsilə yaydığı açıqlamada R.Çunayevi yalan danışmaqda suçlayıb:
"O, 10 ildən çoxdu çörəyini yediyi "Neftçi İdman Klubu" haqqında mətbuata yalan açıqlama verib. Guya ki, ona vəd edilən mükafat verilməyib və klubu tərk edib.
Əslində belə deyil. Hər ay "Neftçi"dən 2 min manat əməkhaqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə burdan ayrılıb. Bu gün isə çıxıb klub haqqında yalan danışır.
15 ay hardan pul ala bilmədiyin barədə nəsə deyə bilmərəm, amma "Neftçi İdman Klubu" "cocuq" vaxtlarından bugünlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul! Klubdan ona mükafat vəd olunmayıb.
Hər ay əməkhaqqısını vaxtında alıb. Rəsul "Neftçi" İdman Klubu haqqında düz danışmayıb. İndi burda şərhlərdə yazırlar ki, Rəsul elə şey deməyib "Neftçi" haqqında. Əgər deməyibsə, onda çıxsın söyləsin ki, jurnalist onun adından yazıb".

