Bir ay sonra sərbəst güləş və Yunan-Roma güləşi üzrə dünya çempionatına hazırlaşan millilərimiz Gənclər və İdman Nazirliyini, habelə bu idman növləri üzrə məsuliyyətli olan aidiyyatı qurumları boykot etməyə hazırlaşır.
Sportinfo.az-ın məlumatına görə, PrimeTime.Az-a danışan komandanın üzvləri dünya çempionatına 1 ay qalmasına baxmayaraq, oyunlara hazır olmadıqlarını bildirib: “Güclü və əzmli olmaq üçün bizə yaradılan şərait heç ürəkaçan deyil. 12 aydı maaş almırıq. Yemək verilmir, həkimlər, masajistlər yoxdu.
Dünya çempionatına qatılmaq üçün hər bir idmançı xərcini özü qarşılayır. Maddi imkanı olmayan isə gedə bilmir. Biz bu məsələ ilə əlaqədar bu və ya digər problemlərin işıqlandırılması üçün mətbuat konfransı təşkil etmişik. Səsimizə səs verən və bayraqlarımızı yüksəklərdə görmək istəyən bütün media nümayəndələrini görüşümüzə səsləyirik”.
Millinin üzvləri “Rio 2016” yay olimpiya oyunları zamanı qazandıqları pul mükafatlarını da indiyədək almadıqlarını söyləyib. Məlumat üçün bildirək ki, mətbuat konfransı sabah 13:00-da “Excelsior” oteldə baş tutacaq.

