"Bunları heç kim ağlına belə gətirməzdi., əvvəlcədən kimə desəydik..."

28 Mart 2021 19:00 Güləş 1 156
"Bunları heç kim ağlına belə gətirməzdi., əvvəlcədən kimə desəydik..."

Sportinfo.az Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərovun müsahibəsini təqdim edir:

- Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində cəmi bir lisenziya qazana bildi. Nəticə sizi qane edirmi?

- Bu nəticə bizi, təbii ki, qane edə bilməz. İdmançılar yarışdan əvvəl yaxşı təlim-məşq toplanışı keçmişdilər. Uğursuz çıxışa görə məyusuq. Bəzi güləşçilərimizin lisenziya qazanacaqlarına ümid edirdik. Qarşıda Dünya Olimpiya Təsnifat Turniri gəlir. Hələ də yeni lisenziya şanslarımız var. 6 - 9 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək həmin turnir üçün hazırlıqlarımızı davam etdiririk.

- Yunan-Roma güləşçində ən çox kimlərdən lisenziya gözləyirdiniz?

- 60 kq-da Murad Məmmədov yarımfinal görüşünün bitiminə 10 saniyə qalmış lisenziyanı əldən verdi. 67 kq çəki dərəcəsindəki İslambek Dadovdan da lisenziya gözləyirdik. O isə 1/4 finalda uduzdu. Təəssüf ki, 77 kq çəkidəki Avropa çempionumuz Sənan Süleymanov da ümidləri doğrultmadı. Axırıncı xalı rəqib aldığı üçün qələbə ona verildi. Biz plan, məqsəd və fikirlərimizi 4 lisenziyaya yönəltmişdik. Lakin alınmadı. Hesablamaq və real nəticələr tamam başqadır.

- Turnirdəki nəticələr rəhbərlik səviyyəsində müzakirə edilibmi?

- Bəli, demək olar ki, hər gün müzakirədədir. Çox gözlənilməz nəticələr oldu. Bundan o tərəfə nə qiymət veriləcək? Görünən şeylər üçün əlavə nə deyə bilərik? Nəticələr belə oldu. Lakin bunu heç kim gözləmirdi: nə mən, nə rəhbərlik, nə də məşqçilər. Ancaq bu idmandır. Gərək hər şeyə hazır olasan. Çox təəssüf ki, saniyələr, xırda problemlər lisenziyaların taleyini həll etdi. Çox təəssüf...

- Baş məşqçi Aleksandr Tarakanovla necə, söhbətiniz olubmu?

- Əlbəttə, hər gün olur. Hazırda məşqlər davam edir. Təbii ki, baş məşqçi də bizimlə eyni fikirdədir. Yüksək səviyyədə hazırlıq prosesi və təlim-məşq toplanışı keçirilib. Ancaq elə şeylər var ki... Baş məşqçi çıxıb orada güləşəsi deyil ki... İdmançı döşək üzərinə çıxaraq, lisenziyanı həll edir. Heç kimin gözləmədiyi halda məğlubiyətlər oldu. Bunları heç kim ağlına belə gətirməzdi. Əvvəlcədən kimə desəydik, gülünc olardı. Bir güləşçimiz iki saniyə qalmış xal verdi, digərinin görüşünün taleyini 10 saniyə qalmış həll olundu. Baş məşqçidən də hesabat sorulub. O da öz fikirlərini dedi. Təbii ki, dedikləri rəhbərliyi qane edə bilməz və etmədi də. Hazırda yolumuza davam edirik. Görək, növbəti nəticələr necə olacaq.

- 130 kq çəkidəki Beka Kandelaki ümumiyyətlə döşək üzərinə çıxmadı. Problem nə idi?

- Kandelaki turnir vaxtı zədələndi və görüşə çıxa bilmədi. Ona texniki məğlubiyyət verildi. Artıq növbəti lisenziya turnirinə hazırlaşacaq. Kandelakiyə yenə şans veriləcək.

- Əvvəlki olimpiadalar öncəsi Azərbaycan güləşçiləri lisenziyaları daha erkən və daha çox qazanırdılar. Amma son şans ərəfəsində 18 mümkün vəsiqədən cəmi 5-i əldə olunub. Səbəbi nədə görürsünüz?

- Bütün dünyada pandemiya ilə bağlı proseslər hər şeyə təsir edir. Ancaq federasiyamızın, rəhbərliyin sərbəst, yunan-Roma və qadın güləşi üzrə komandalarımıza münasibəti aşağı səviyyədə olmayıb. Çalışmışıq ki, əlimizdən gələni yüksək səviyyədə edək. Elə işlər var ki, bunlar məşqçilər korpusunun və idmançıların əlindədir. Biz rəhbərlik olaraq, işləri vaxtlı-vaxtında görmüşük. Əlimizdən gələni və gəlməyəni etmişik. Hələlik ümumi 5 lisenziya var ki, bu da bizi heç cür razı sala bilməz. Dünya Təsnifat Turnirində göstəricilərin tam fərqli olmasından ötrü çalışacağıq. Bunun üçün hazırlıqlar davam edir.

- Dünya Olimpiya Təsnifat Turnirində neçə lisenziyaya ümid etmək olar?

- Yeganə gözləntimiz lisenziya sayının çox olmasıdır. Bayaq da qeyd etdiyim kimi, 1 xal, 10 saniyə və s. kimi məsələləri həll etməliyik. Belə səhvlərdən heç kim sığortalanmayıb. Problemlərin aradan qaldırılması məşqçilər korpusu və idmançılar tərəfindən nəzərə alınır. Çox istərdik ki, son lisenziya turnirində əsaslı dönüş yaransın. Daha çox lisenziya əldə edəcəyimizə ümidvarıq.

- Dünya Güləş Birliyi (UWW) Avropa və dünya çempionu Eldəniz Əzizlini “Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır) sözləri yazılmış maska taxdığı üçün cəzalandırıb. Bu barədə nə deyə bilərsiniz?

- Əzizlinin cəzası hələ qüvvədədir, yaxın müddətdə başa çatmalıdır. Aprelin sonunda Polşada Avropa çempionatı nəzərdə tutulub. UWW icazə versə, Əzizli orada iştirak edəcək.

- Onun Dünya Olimpiya Təsnifat Turnirinə qatılacağı gözlənilir?

- O da nəzərimizdədir. Necə olacağını zaman göstərəcək (report).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!