"Proqnoz vermək istəmirəm, əlimizdən gələni edəcəyik ki, çox qazanaq”: VİDEO

14 Mart 2021 17:40 Güləş 551
"Proqnoz vermək istəmirəm, əlimizdən gələni edəcəyik ki, çox qazanaq”: VİDEO

“Komandamız Dağıstanda hazırlıq keçdikdən sonra Kiyev turnirinə yollandı.

Beş medal qazandıq. Nəticəni uğurlu saymaq olar".

Sportinfo.az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev federasiyanın rəsmi sayıtına açıqlamasında deyib.

Hazırda Bakıda son hazırlıq prosesini keçdiklərini söyləyən olimpiya və üçqat Avropa çempionu dörd ölkənin birgə təlim-məşq toplanışını çox səmərəli dəyərləndirib:

"Ümumiyyətlə, belə toplanışlar daim faydalı olur. Yoxlama görüşləri keçirilir və hazırlıq səviyyəsi yüksəlir. İnanıram ki, bunun müsbət nəticəsini lisenziya turnirində görəcəyik.

Təlim-məşq toplanışları ilboyu davam edir, müxtəlif yarışlarda iştirak edirik. Yarışlara hazırlıqla bağlı heç bir problemimiz yoxdur".

Sərbəst güləşçilərin böyük potensiala malik olduqlarını vurğulayan Abdullayev onların martın 18-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək

Avropa Olimpiya Təsnifat turnirində öz sözlərini deyəcəklərlərinə inam ifadə edib: "Proqnoz vermək istəmirəm. Əlimizdən gələni edəcəyik ki, mümkün qədər çox lisenziya qazanaq”.

Sərbəst güləşçilər Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa martın 15-dək Bakıdakı Olimpiya Güləş Mərkəzində hazırlaşacaq. Toplanışda komanda baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında əsasən taktiki-texniki çalışmaları həyata keçirir.

Fransa, Rumıniya və İsveçrə milliləri də martın ilk günlərindən Bakıda onlarla birgə toplanış keçir. Avropa Olimpiya Təsnifat turnirinə martın 21-də yekun vurulacaq. Sərbəst güləşçilər 18-19 martda mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti