COP29

“Ata-anam sovxozda işləyib, buradan gələn qazancla dolanıb”

3 Noyabr 03:30 Güləş 953
“Ata-anam sovxozda işləyib, buradan gələn qazancla dolanıb”

“Əslən Qərbi Azərbaycandan olsam da, bu torpaqlarda yaşaya bilməmişəm.

Amma inanıram ki, bir gün mən də öz doğma yurdumu ziyarət edəcəyəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın tanınmış yunan-Roma güləşçisi Taleh Məmmədov deyib.

35 yaşlı veteran idmançı valideynlərinin Qərbi Azərbaycan həsrətində olduğunu və bu torpaqları xoş xatirələrlə yada saldıqlarını bildirib: “Atam Qərbi Azərbaycanın Zəngibasar (Masis) rayonunun Seyidli, anam isə Mehmandar kəndində dünyaya gəliblər. Onlar kolxozda əkinçiliklə məşğul olublar. Buradan gələn qazancla dolanıblar. Təhsillərini isə Azərbaycan dilində alıblar. Müharibə başlamazdan 1-2 il əvvəl Qasım İsmayılov rayonunun, yəni indiki Goranboyun Qaradağlı kəndinə köçüblər. Elə mən də burada doğulmuşam. Orta məktəbi bu rayonda oxumuş, 2000-ci ildən təhsilimi və idman fəaliyyətimi Bakıdakı Respublika İdman Olimpiya liseyində davam etdirmişəm. Öz dədə-baba torpaqlarıma bir dəfə olsun ayaq basmamışam. Anam və atam tez-tez Qərbi Azərbaycan barədə xatirələrini danışırlar. Demək olar ki, bu xatirələrlə böyümüşəm. Onların sözlərinə görə, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Azərbaycanlılar min illər boyu yaşadıqları doğma tarixi torpaqlarından didərgin salınıb, kütləvi qırğınlara məruz qalıblar. Bu tarixi unutmaq mümkün deyil”.

O, Azərbaycan xalqının tarixi və əzəli torpaqlarına qayıdacağına, ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti tarixi uğura imza atacağına inandığını söyləyib: “Dövlətimizin başçısının müdrik siyasəti nəticəsində Qarabağın işğaldan azad olunması xalqımız üçün çox sevindirici haldır. İnanıram ki, biz yenidən əzəli torpaqlarımızda məskunlaşacağıq. Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycan torpaqlarına da ayaq basacağıq”.

Taleh Məmmədov Avropa ikincisi və dünya üçüncüsüdür.

Digər Xəbərlər
Xəbər Lenti