COP29

"Xəzər Lənkəran”ı unutmaq olarmı? Və ya qonşuya ümid olanların aqibəti

15 Mart 08:40 Futzal 958
"Xəzər Lənkəran”ı unutmaq olarmı? Və ya qonşuya ümid olanların aqibəti

Dostumuz, lənkəranlı idman jurnalisti Hüseyn Cəbrayıloğlu bu yaxınlarda özünün "feysbuk” hesabında maraqlı bir paylaşım etmişdi. Həmin paylaşımda qeyd olunurdu ki, Lənkəranda müxtəlif adlar altında futzal turnirləri keçirilir. Bu turnirlərin qarşılaşmalarını izləmək üçün hətta bilet satışı təşkil olunur. 1 manat qiyməti olan biletləri alan azarkeşlər tribunaları doldurur, könül verdikləri komandaları tək qoymurlar.

Şəxsən mənim üçün Hüseyn bəyin bu paylaşımı təəccüblü olmadı. Biz "Xəzər Lənkəran”ın Azərbaycan futboluna gətirdiyi canlanmanın şahidiyik. Məhz "Xəzər Lənkəran”ın ölkə çempionatına gətirdiyi yeni dəb sayəsində bizim futbolumuzun yeni səviyyəyə qədəm qoydu, tribunalarda azarkeşlər arasına rəqabət yaşandı. Bir çox məşhur "futbol ulduzları” Azərbaycana gəldilər, tanınmış mütəxəssislər "Xəzər Lənkəran”da çalışmaqla ölkə çempionatının marka dəyərinin artırılmasına əvəzsiz töhvə verdilər.

Bəli, təəssüflər olsun ki, proses düzgün idarə olunmadı. Xərclənən milyonların qarşılığında həmin o pullara layiq peşəkar klub, avrokuboklarda ürəkaçan nəticələr görə bilmədik. Bununla belə "Xəzər Lənkəran” ölkə futbolunun tarixində iz qoymağı bacardı. Cənub bölgəsində yaradılan yüksək səviyyəli futbol akademiyasının iki yetirməsi diqqətləri üzərinə çəkməyi bacarıb, azarkeşlərin sevimlisinə çevrilib. Söhbət Toral Bayramovla Nəriman Axundzadədən gedir. "Qarabağ”da forma geyən bu iki futbolçu qısa müddətdə Azərbaycan səviyyəsində yetərincə məşhurlaşıblar, Avropa Liqasında yeni tarix yazan komandanın ayrılmaz parçasına çevriliblər. Gənc Nərimanın "Braqa”nın qapısına vurduğu o gözəl qol son aylarda Azərbaycan futbolunun başına gələn ən yaxşı hadisələrdən biridir.

Bütün bunlar qısa müddətdə davam edən və heç də peşəkar səviyyədə qurulmayan işlərin nəticəsidir. Təsəvvür edək ki, "Xəzər Lənkəran” daha uzun ömürlü olub, daha yaxşı idarə olunsaydı, Toralla Nəriman kimi neçə-neçə futbolçu üzə çıxardı. Bunun da sayəsində həm milli komandanın heyətində, həm də klublarımızda canlanma yaşanar, seçim imkanları genişlənərdi. Sözsüz ki, Toralla Nərimanın bu səviyyəyə yüksəlməsində "Qarabağ”ın da böyük xidmətləri var. Qurban Qurbanov bu gənclərə etimad göstərməsəydi, bu gün fərqli mənzərə izləyə bilərdik. Bununla belə bu gənclərin ilk addımlarını atdığı yeri, yəni "Xəzər Lənkəran”ı da unutmaq olmaz. Deməli, ölkənin cənubunda futbolu əbəs yerə sevmirlər. Orda çılğın azarkeşlərlə yanaşı istedadlar da yetərincədir. Qalır onları kəşf etmək, üzə çıxarmaq.

Qayıdıram dostumuz Hüseyn Cəbrayıloğlunun qeyd etdiyim statusuna. Onun fikirləri ilə tanış olduqdan sonra Azərbaycan Futzal Federasiyasının saytına göz gəzdirdim. Gördüklərim məni təəssüfləndirdi. Nə Yüksək Liqa, nə də Birinci Liqa iştirakçıları arasında Lənkəran təmsilçisinə rast gəlmədim. Belə məlum oldu ki, Lənkəran kimi bir şəhərin nəinki böyük futbolda, heç futzalda da təmsilçisi yoxdur. Bu bölgədə futbolla yanaşı futzalın da inkişafında heç kim maraqlı deyil. Futbolun, futzalın inkişafı adıyla göyə sovrulan milyonlardan Lənkərana bir qara qəpik də pay düşmür.

Elə bu mövzunu araşdırarkən bir xəbər diqqətimi cəlb etdi. AFFA İntizam Komitəsi "Record club” futzal komandasına texniki məğlubiyyət verib. Buna klubun "Baku Fire" ilə görüşdə meydana çıxmaması səbəb olub. Yüksək Liqa təmsilçisi 0:5 hesablı texniki məğlubiyyət alıb. Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov "Record club"un Yüksək Liqada "Baku Fire" ilə görüşdə iştirak etməməsi ilə bağlı bunları deyib: "Problemlər qış fasiləsindən sonra yaşandı. Xüsusilə də iranlı futzalçılar sənədləşmə işləri ilə əlaqədar Bakıya geri dönə bilmədilər. Buna görə də kollektivin oyunçu baxımından ciddi problemləri yarandı. Matçlara da ancaq yerli futbolçılarla çıxdılar. Onlar da həm say baxımından azdırlar, əvəzetmələr demək olar olmurdu, həm də keyfiyyət baxımından seçilmirdilər. Nəticələr də ortadadır". Necə deyərlər, sitatın sonu...

Yerli gənclərə şərait yaradıb, diqqət ayırmaqdansa iranlının-braziliyalının dalınca qaçırıq. Bu da nəticəsi. Atalarımız demişkən, qonşuya ümid olan şamsız qalar! (qaynarinfo.az)

Amal Abuşov

Digər Xəbərlər
Xəbər Lenti
28 May 20:30 Qarabağda İŞ VAR!