"Qurban Qurbanov yaratdığı komandanın sistemi üzərində işlədi"

17 Fevral 08:40 Digər növlər 1 034
"Qurban Qurbanov yaratdığı komandanın sistemi üzərində işlədi"

"Qarabağ”ın Portuqaliyada "Braqa”nı məğlub etməsi bəlkə də əksəriyyət üçün gözlənilməz nəticə oldu.

Adətən, belə güclü rəqiblərə qarşı səfər oyunlarında çox ehtiyatlı davranan Qurban Qurbanovun komandası bu dəfə özünü heç də qonaq kimi aparmadı və 4:2 hesablı zəfərlə qayıtdı.

Sportinfo.az xəbər verir ki, komandanın sabiq futbolçusu Rəşad Sadiqov qaynarinfo-ya açıqlamasında "Qarabağ”ın bu nəticəsinə münasibətini bildirib:

"Oyundan əvvəl "Qarabağ”a doğrudan da çox inam olduğunu demişdim. Baxmayaraq ki, "Braqa” Portuqaliyanın dörd ən güclü komandasından biridir. "Qarabağ”ın son illərdə oynadığı futbol, deyərdim ki, Avropaya xasdır. Ona görə də qələbə gözləyirdim. Komanda doğrudan yaxşı futbol oynadı və layiqli qələbə qazandı.

Komanda qol vurduqdan sonra 90-cı dəqiqəyə qədər hamı gördü ki, qapalı futbol oynamadı. Onsuz da hücum etməyi və hər an rəqibi əks-hücumlarda yaxalamağı sevir. Rahat ötürmələrlə oynayırlar, rəqibi topsuz qoyurlar. Komandadan istənilən rəqibə qarşı hər şey gözləmək mümkündür. Azərbaycan çempionatında da az qalırlar hər oyunda üçdən çox qol vursunlar. Çünki hücumları rahat qururlar, istədikləri kimi oynayırlar. Bu da üç-beş günün işi deyil, illərin bəhrəsidir. Qurban müəllim yaratdığı komandanın sistemi üzərində işlədi, neçə illərdir bəhrəsini ÇL-də və digər UEFA səviyyəli yarışlarda görürlər”.

Azərbaycan çempionatındakı son turlarda "Qarabağ”da müəyyən qədər qeyri-sabitlik hiss olunurdu. Sadiqov bunu komandanın digər rəqiblərdən xeyli xal fərqi ilə irəlidə olmasıyla əlaqələndirdi:

"Açığı, buna qeyri-sabitlik deməzdim. Lazımlı oyun olanda, özünüz də görürsünüz ki, tam fərqli futbol göstərirlər. Bunu istər "Neftçi”yə, istər "Sabah”a qarşı oyunlarda, çempionatın əvvəlində də görürük. Qeyri-sabitlik məsələsi fikrimcə, ikinci yerdəki komandadan 14 xal irəlidə olması ilə bağlıdır. Belə durumda nə edirsən et, futbolçuları kökləmək çox çətin olur. Təsəvvür edin, özümüz oynayırıq və rəqibimizdən 14 xal irəlidəyik. Nə edirsən et, oyuna tam motivasiya ilə çıxa bilməyəcəyik. Bu da "Qarabağ”ın xal itkiləri ilə üzləşməsinə gətirib çıxarır. Rəqabətli olsaydı, inanmıram ki, indi oynadığı futbolla hansısa rəqibə boşluq verərdilər.

Bütün mütəxəssislər deyir ki, hazırda Azərbaycan çempionatında "Qarabağ” və digərləri ayrıdır. Çünki digərləri üç-dördüncü yerlər, "Qarabağ” isə çempionluq uğrunda oynayır. Çempionatın ortasında 14 xal geridə olmaq, digər klublar üçün ağır məsələdir. İnşallah ki, çempionluğu da bir neçə tur əvvəldən rəsmiləşdirəcəklər”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"