Milli Olimpiya Komitəsinin (MOK) təşkil etdiyi milli idman federasiyaları üçün "Təhlükəsiz idman" proqramı çox uğurlu keçib.
Sportinfo.az xəbər verir ki, bunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O, idman ictimaiyyəti üçün keçirilən "Təhlükəsiz idman" proqramının əhəmiyyətini vurğulayıb:
"Bu tədbir dünya idmanında son zamanlar əsas məsələlərdən biri olan idmanda təhlükəsizlik mövzusuna həsr edilib. Azərbaycan artıq 3 ildir bu məsələ ilə əlaqədar beynəlxalq forumlar keçirir. Bu dəfə ölkədə fəaliyyət göstərən olimpiya idman növləri üzrə federasiyaları da işə cəlb etmək və onlarda təhlükəsiz idman üzrə mütəxəssislər hazırlamaq məqsədilə belə bir tədbir təşkil edilib. İki gün ərzində keçirilən seminar çox uğurlu olub. Burada federasiyaların ən məsul işçiləri iştirak edərək, sertifikat alıblar və bundan sonra öz idman növlərində təhlükəsizlik sahəsində çalışacaqlar".
Ç.Hüseynzadə yaradılan xüsusi komissiyanın fəaliyyəti barədə məlumat verib:
"Bu məqsədlə Milli Olimpiya Komitəsində xüsusi qrup təşkil edilib. Burada MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Atletlər Komissiyasının, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərlərindən biri iştirak edir. Federasiyalar çətinlik hiss edəndə müraciət edəcəklər və komissiya onlara yardımçı olacaq. Həmçinin idmançılar da bu qrupa müraciət edə biləcəklər".

