x“Deməzdim ki, qarşıdakı görüşdə rəqibi yerə yıxıb nokaut etməyə fokuslanmışam.
Mən hər komponentdə ondan güclüyəm. Müxtəlif üsullarla qalib gələ bilərəm. Ondan daha təhlükəliyəm və böyük təcrübəm var”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “UFC Fight Night: Fiziev vs. Torres” turniri ərəfəsində keçirilən mətbuat konfransında azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov deyib.
Hazırda ABŞ-da hazırlıq keçən idmançı məşq prosesindən danışıb:
“Hazırlıq əla gedir. Məşq prosesimdə çox şeyi dəyişmişəm. Növbəti bazar günü Bakıda olacağam. Arzum idi ki, xalqımızı sevindirim. Sevinirəm ki, bu arzumu reallaşdırdım”.
Sadıxov ötən ilin dekabrında ABŞ-nin Las-Veqas şəhərində keçirilən UFC 323 turnirində fransalı Fares Ziamaya nokautla məğlub olduğu döyüşdən sonra motivasiyasını necə bərpa etdiyindən də danışıb:
“Məğlub da olsan, qalib də gəlsən, keçmişi unutmalısan. Bir ay çox məyus oldum.
Daha sonra qarşıdakı döyüşlərə fokuslandım. Ən yaxşısı hələ irəlidədir. “Qara canavar”ın çox sirləri var. Bəlkə də yeni sürprizlər sizi gözləyir".
Nazim Sadıxovun rəqibi Mateus Kamilo olacaq. Görüş Bakı Gimnastika Arenasında keçiriləcək.
Sadıqov buna qədər UFC-də 4 döyüş keçirib və 1 qələbə qazanıb. 2 görüş məğlubiyyətlə, 1-i isə heç-heçə başa çatıb.

