Yaponiyada davam edən dünya çempionatında bu gün daha iki cüdoçumuz tatamiyə çıxıb.
Sportinfo.az xəbər verir ki, kişilərin mübarizəsində 100 kq-dan yuxarı çəkidəki yarışan Uşangi Kokauri turnirlə erkən vidalaşıb. O, elə ilkin mərhələdəcə - 1/32 finalda avstriyalı Ştefan Hegyiyə ipponla uduzub.
+78 kq çəkidə dərəcəsində mübarizəyə 1/16 final mərhələsindən başlayan İrina Kinzderska hollandiyalı Tessi Savelkulsa ipponla qalib gələrək, 1/8 finala yüksəlib. Bu mərhələdə Tunis təmsilçisi Şeyx Ruhu Niheli də eyni qaydada məğlub edən cüdoçumuzun 1/4 finalda rəqibi braziliyalı Maria Sülen Alteman olub. Kindzerska rəqibinə uduzsa da, təsəlliverici görüşdə Altemanın həmyerlisi Beatris Souza ilə qarşılaşıb. Cüdoçumuz məğlub olaraq bürünc medal qazanmaq şansını da əldən verib.
Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 100 kq-dakı Elmar Qasımov 5-ci, 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib.

