Yarış təqviminə əsasən, ölkəmizin Oyunlarda ilk medal sorağının cüdoçulardan gələcəyi aydın idi.
Əsas ümidlərimiz sırasında yer alan tatami ustalarının mübarizəsinin ilk günü nigaranlıq içində medalsız keçsə də, ertəsi gün hər şey qaydasına düşdü.
Doğrudu, qızıl medal qazanılmaldı. Lakin 1-i gümüş olmaqla qazanılan medallar qarşıdakı dövrdə, xüsusən də qiymətli olimpiya xalları marafonunda görüləcək iş üçün və hazırlığın optimallaşdırılması baxımından əhəmiyyətli oldu.
"Bakı-2015"də olduğu kimi, bu turnir həm də qitə çempionatı statusunu daşıyırdı və sayca 68-ci idi.
İyunun 23-də 73 kq çəki dərəcəsində tatami üzərinə çıxan Rüstəm Orucov finala qədər yalnız bir görüşündə nisbi çətinlik yaşadı.
Builki əsas yarışlarda fəxri kürsüdə yer alsa da, qızıl medal qazanmamış, lakin dünya reytinqinin lideri olan Rüstəm artıq 57-ci saniyədə monakolu Sedrik Bessini ippon dəyərli fəndə salaraq qalib gəlmişdi.
Heç bir saat keçməmiş döşək üzərinə çıxan idmançımız çətinliklə üzləşdi. Lap başlanğıcda italiyalı Fabio Bazile vazari qiymətli fəndi işlədərək, psixoloji üstünlüyü ələ aldı.
Hələ, üstəlik, elə ilk dəqiqənin sonlarında Rüstəm bir sido cəriməsinə də məruz qaldı. Lakin özünü toparlayan kimono ustamız 4-cü dəqiqənin yarısında ipponla mərhələ keçdi.
Təxminən 25 dəqiqə sonra onu psixoloji çətin sınaq gözləyirdi. Ermənistanlı Ferdinanda Karapetyanla görüşdə rəqib vazariyə yaxın idi, amma Rüstəm ehtiyatını əldən ermədi.
Hərəyə iki sido varkən, yenə 4-cü dəqiqənin yarısında idmançımız fənd işlədib vazari xalını aldı. Yarımfinalda o, yunanıstanlı Georgios Azoidislə görüşü 2-ci dəqiqənin tamamına 10 saniyə qalmış ipponla başa vurdu.
Dünya reytinqinin üçüncüsü isveçli Tommi Masiasla qarşılaşmada Rüstəm qələbəyə çox yaxın idi. 2-ci dəqiqənin sonuna 7 saniyə qalmış vazari fəndi onu psixoloji üstün duruma çıxardı.
Amma 30 saniyə sonra rəqib ippon dəyərli fəndi işlətdi. Hərçənd niyyəti alınmadı və vazari xalı ilə kifayətləndi.
Bir dəqiqə sonra Rüstəmə şans verməyən rəqib ipponla istəyinə çatdı və Rüstəmə gümüş nəsib oldu.
Onun çəkisində Hidayət Heydərov da mübarizəyə uğurla başlamışdı və elə görünürdü ki, yarımfinal iki idmançımızın mübarizəsi şəraitində keçəcək.
İdmançımız əvvəlcə adlın-sanlı macar Mikloş Unqvariyə 4-cü dəqiqənin vazarisi ilə qalib gəldi. İsrailli Din Gemeri isə idmançısız 4-cü dəqiqədə 9 saniyə fərqlə vazari, ardınca ippon fəndinə saldı.
Yarımfinalda o, sonradan məhz Rüstəmə məğlub olmuş Azoidislə görüşdə tələskənliyə yol verib, 50-ci saniyədə ipponla yenildi.
Təsəlliverici görüşündə Rüstəm kimi, Hidayət də Karapetyanı məğlub etdi. Lakin görüş gərgin rəqabət şərəitində keçdiyindən, rəqib qızıl xal uğrunda sido ilə uduzdu.
Hidayət "bürünc" qarşılaşmasında 51-ci saniyədə gürcü Laşa Savdatuaşvilini məğlub etdi.
Ertəsi günün üç medalının birini komandamıza qazandıran Məmmədəli Mehdiyev 90 kq çəkidə iki təsnifat döyüşündə qalib gəldi.
Əvvəlcə ağır keçən görüşdə ev sahibi Yeqor Varapayevin 3 sido cəriməsi ilə 4-cü dəqiqəyədək qalib elan edildi, sonra 3-cü dəqiqədə işlətdiyi vazari qiymətli fənd hesabına fransalı Orelyan Disseni mübarizədən kənarlaşdırdı.
Əsas mərhələdə türkiyəli Mikayıl Özərlərlə görüşü gərgin keçdi, daha şanslı olan rəqib ippon xalını qazanaraq, təmsilçimizi təsəlliverici görüşə göndərdi. Onun sonrakı iki görüşü cəmi 4 dəqiqə çəkdi.
Əvvəlcə isveçrəli Siril Qrossklaus, bürünc medal uğrunda qarşılaşmada isə hollandiyalı Noel Van`t End ippon məğlub edildilər.
100 kq-dək çəki dərəcəsində Elmar Qasımov da Məmmədəlinin keçdiyi yol kimi "bürünc"ə addımladı. İlk görüşdə ukraynalı Anton Savıtski vazari, sonra 3-cü dəşqiqədə estoniyalı Qriqori Minaskin ipponla yarışı tərk etdilər.
Amma 1/4 finalda fransalı Siril Mare 4-cü dəqiqənin yarısında ippon xalı ilə qalib gəldi.
Medal şansı «təsəlli»yə qalan Elmar Monteneqrolu Danilo Pantiçlə qarşılaşmasında 2-ci dəqiqədə işlətdiyi vazari xalının üstünlüyünü axıra qədər qorudu.
Xorvatiyalı Zlatko Kumriçlə döyüşünü isə o, daha fəndgirliklə və diqqətlə keçirib, 4-cü dəqiqə başlayanda əlinə düşən şansı qaçırmadı.
Qadın təmsilçimiz İrina Kindzerska 78 kq-dan artıq çəkidə yarımfinala qədər inamla irəlilədi. İki görüşünü üst-üstə o, cəmi iki dəqiqəyə başa vurdu.
Almaniyalı Yasmin Kulebs 1 dəqiqə 10 saniyəyə, britaniyalı Sara Adlinqton 50 saniyəyə ipponla evə yola salındılar.
İrina ev sahibi Marina Slutskaya ilə görüşdə daha çox taktiki mübarizədə yenildi və görüşün taleyini bir vazari həll etdi.
Ukraynalı Qalına Tarasova ilə onun bürünc medal uğrunda görüşü maraqlı başladı. Əvvəlcə rəqibi vazari ilə önə çıxdı, sonra təmsilçimiz eyni qayda ilə tarazlığı bərpa etdi.
Əsəblərin döyüşündə iki sido alan ukraynalı idmançı qızıl xal uğrunda hissədə də eyni səhvə yol verdi və uduzdu.
Beləliklə, 1 gümüş və 4 bürünclə cüdoçularımız qitənin ikiqat qiymətli - Oyunlar və çempionat statsulu yarışın komanda hesabında 11-ci yerdə qərarlaşdılar.
SPORTİNFO.AZ

