Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqə yarışında finala yüksəlib.
Sportinfo.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı həlledici qarşılaşmayadək 4 görüşündən qalib ayrılıb.
O, ardıcıl olaraq, Avtandili Tçrikişvili, türkiyəli Mert Şişmanlar, hollandiyalı Yesper Smink və macarıstanlı Kristian Totu üstələyib.
Həlledici qarşılaşmada Mehdiyevin rəqibi Nikoloz Şerazadişvili (İspaniya) - Nemanya Maydov (Serbiya) cütünün qalibi olacaq.
Digər çəki dərəcələrinə gəldikdə, Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal görüşünə çıxacaq.
Kotsoyev ardıcıl olaraq, Batır Hojaməhəmmədov (Türkmənistan), Domenik Şönefeldt (Almaniya) və Nikita Sviridi (Belarus) yensə də, 1/4 finalda Kazbek Zankişiyevə (Rusiya) uduzub.
Lakin o, təsəlliverici görüşdə Toma Nikoforova (Belçika) qalib gələrək, bürünc medal uğrunda Otqonbaatar Lxaqvasurenlə (Monqolustan) görüşə vəsiqə qazanıb.
Mübarizəyə 1/8 finaldan başlayan Kindzerska Sandra Yablonskite (Litva) və Kseniya Çibişovaya (Rusiya) qalib gəlsə də, yarımfinalda Larisa Çeriçə (Bosniya və Herseqovina) uduzub. O, bürünc medal görüşündə Marina Slutskaya (Belarus) ilə üz-üzə gələcək.
Mübarizəni erkən dayandıran cüdoçulardan 90 kq çəkidə Əbdülhəqq Rəsullu 1/32 finalda Li Koçmana (İsrail), Aliumar Tumayev Altanbaqana Qantulqaya (Monqolustan), Tural Safquliyev Davis Dudanı (Latviya) yendikdən sonra 1/16 finalda Eduard Trippelə (Almaniya) uduzub.
100 kq çəkidə Elmar Qasımov Danilo Pantiçi (Monteneqro) udsa da, 1/8 finalda Toma Nikiforova (Belçika), İeso Kvirikaşvili 1/16 finalda Karolis Bauzaya (Litva), Adil Kərimli 1/32 finalda Niyaz Bilalova (Rusiya) məğlub olub.
100 kq-dan yuxarı çəkidə Rüstəm Kotsoyev Ayaks Tadehara (ABŞ) və Zarko Çulumu (Serbiya) üstələsə də, 1/4 finalda Gela Zaalaşviliyə (Gürcüstan), təsəlliverici görüşdə Vladut Simyoneskuya (Rumıniya) uduzaraq, 7-ci yerlə kifayətlənib.
Şahin Qəhrəmanov Vladislav Şerpitskini (Belarus) udduqdan sonra 1/8 finalda Anton Krivobokova (Rusiya), Ayxan Cəfərov 1/16 finalda Ruslan Şaxbazova (Rusiya), İmran Yusifov isə Temuulen Battulqaya (Monqolustan) məğlub olub.

