Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib.
Sportinfo.az xəbər verir ki, bu mötəbər yarışda ölkəmizi təmsil edən yeniyetmə cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək tarix yazıb.
66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Yəmən, Tacikistan, Domimikan Respublikası və Rusiya idmançılarını məğlub edərək Olimpiya Oyunlarının qızıl medalını qazanıb.
Vüqar Talıbova Olimpiadanın qızıl medalı təqdim olunub və onun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib. Digər təmsilçimiz Vüsalə Kərimova qızların yarışında 44 kq çəki dərəcəsində 7-ci yeri tutub.
66 kq çəki dərəcəsində çıxış edən 15 yaşlı idmançı finalda rusiyalı Abrek Naquçevi 2 dəqiqə 3 saniyəyə ipponla məğlub edib. Bununla da Talıbov Buenos-Ayres olimpiadasında ilk qızıl medalın sahibi olub.
O həm də yeniyetmələr arasında olimpiya çempionu olan ilk cüdoçu kimi tarixə düşüb. Daha əvvəl 2014-cü il Nankin olimpiadasında Leyla Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq) gümüş medal əldə etmişdilər.

