Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə qızıl medal qazanan Azərbaycan cüdoçusu Kənan Nəsibov özünü yavaş-yavaş sübut edir.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında turnirin qalibi olan idmançı özü bildirib.
O, yarışdan əvvəl qarşıya çempionluq məqsədi qoyduğunu söyləyib:
"Hər bir yarışda çempionluq haqqında fikirləşmək lazımdır. İnsan hədəfə çatmaq üçün o düşüncədə olmalıdır. Mən də həmçinin, nəticə cəhətdən daha üstün olan rəqiblərə baxmayaraq, qarşıma məqsəd qoymuşdum. Çox sevinirəm ki, hər birini məğlub etdim. Qələbə qazanmaq istəyirdim ki, məni də tanısınlar və dünya reytinqində güclü idmançılar arasında yer alım. Şükürlər olsun ki, özümü yavaş-yavaş sübut edirəm".
İdmançı dünya reytinqində ən güclü idmançılar arasında yer almaq istədiyini söyləyib:
"Bəzi rəqiblərdən həm boy, həm də güc baxımından üstün idim. İlk görüşüm çətin keçdi. Gürcüstanlı rəqibim çox güclü idi. Dünya və Avropa çempionudur. Növbəti mərhələdə Azərbaycan cüdoçusu Camal Qamzatxanovla görüşdüm. Onu da məğlub etdim. Baxmayaraq ki, güclü idmançıdır, gənclər arasında dünya və Avropa çempionatının mükafatçısıdır, "Böyük Dəbilqə" yarışlarının iştirakçısıdır. Yarımfinaldakı rəqibim də nəticə qazanmış idmançılardan, olimpiadanın iştirakçısı idi. Finalda isə böyüklər arasında Avropa çempionu olmuş niderlandlı cüdoçunu üstələdim. Çətin rəqib olduğunu bilirdim. Heç bir rəqibdən çəkinmədim. Nəticə qazanan idmançılarla mübarizə aparmaq motivasiyamı daha da artırır".
K.Nəsibov 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında qalib olmağı hədəfləyib:
"Qarşıdakı hədəfim 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında qalib olmaqdır. Bunun üçün gücümü toplayacağam, əlimdən gələn hər şeyi edəcəyəm. Başda Riçard Trautman olmaqla bütün məşqçilərimə təşəkkür edirəm ki, mənə dəstək oldular, inandılar. Həmçinin Azərbaycan Cüdo Federasiyasının həkimi Ceyhun Əliyevə təşəkkürümü bildirirəm. Sonuncu Avropa çempionatında mənə böyük motivasiya verdi. Şükür ki, onların etimadlarını doğrulda bilirəm".
Qran-pridə +100 kq çəki dərəcəsində mübarizə aparan K.Nəsibov finalda niderlandlı Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsünün birinci pilləsinə qalxıb.

