Hidayət Avropa çempionu oldu, Rüstəm bürünc əldə etdi

30 Aprel 2022 19:20 Cüdo 467
Hidayət Avropa çempionu oldu, Rüstəm bürünc əldə etdi

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü tatami üzərinə çıxıb.

Bunlar yığmamızın əsas medal ümidləri Rüstəm Orucov və Hidayət Heydərov olub. Eyni çəkidə çıxış edən hər iki cüdoçu medal qazanıb. Heydərov qızıl, Orucov isə bürünc mükafata layiq görülüb.

73 kq
Hidayət Heydərov 1/16 final mərhələsindən mübarizəyə qoşulub. Avropa çempionumuz ilk sınağında Adam Stodolskiyə (Polşa) ipponla qalib gəlib. 25 yaşlı idmançının növbəti iki raunddakı qurbanı müvafiq olaraq Martin Hoyak (Sloveniya) və Aleksandru Rayku (Rumıniya) olub. Hidayətin yarımfinaldakı rəqibi əvvəlki mərhələdə Rüstəm Orucova qalib gələn ev sahibi Mark Xristov olub. Komanda yoldaşının revanşını alan Heydərov finala adlayıb. Həlledici qarşılaşmada isə italiyalı Covanni Espositonu məğlub edən Hidayət 2017-ci ildən sonra ikinci dəfə Avropa çempionu olub.

Digər qitə çempionu Rüstəm Orucov da bu mərhələdən yarışa başlayıb. Olimpiya mükafatçısı irlandiyalı Coşua Qrinin ciddi müqaviməti ilə üzləşməyib və ipponla onu üstələyib. 31 yaşlı cüdoçu 1/8 finalda Aleksandr Koşlyakı (Ukrayna) məğlub edib. Təəssüf ki, o, uğurlu çıxışını 1/4 finalda davam etdirə bilməyib. Bolqarıstanlı Mark Xristova ipponla uduzan Rüstəm təsəlliverici görüşə qatılıb. Burada rumıniyalı Aleksandru Rayku üzərində qələbə qazanan təmsilçimiz bürünc medal görüşündə onun həmyerlisi Adrian Sulka ilə münasibətlərinə aydınlıq gətirib. Bu dəfə də tatamidən qalib ayrılan Orucov karyerasında üçüncü dəfə Avropa üçüncüsü olub.

Millimizin dünən tatamiyə çıxan 6 cüdoçusu medal qazana bilməyib. Avropa çempionatına sabah yekun vurulacaq. Son gündə Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizəyə qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!