Bir gecədə qeydə alınan rekordlar - Çempionlar Liqası

28 Noyabr 2019 11:02 Çempionlar Liqası 1 087
Bir gecədə qeydə alınan rekordlar - Çempionlar Liqası

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarına yekun vuruldu. Artıq 9 komandanın 1/8 finala çıxdığı məlumdur.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsinin 5-ci turunun ikinci oyun günündə - dünən keçirilən qarşılaşmalarda bir-birindən maraqlı görüşlər olub, rekordlar qeydə alınıb.

- "Nou Kamp"da Dortmund "Borussiya"sı ilə qarşılaşmada fərqlənən "Barselona"nın forvardı Luis Suares cari mövsüm bütün turnirlərdə vurduğu qol sayını 10-a çatdırıb. Uruqvaylı forvard artıq ardıcıl 15 mövsümdür ki, 10-dan az top vurmur. "Barsa"nın heyətində 53-cü ÇL oyununda 23-cü qolunu vuran Suares eyni zamanda klubun bu turnirdəki ən məhsuldar ikinci oyunçusu adını ələ keçirib. 36 görüşdə 22 dəfə fərqlənən Rivaldonu geridə qoyan Suares indi yalnız Messidən geri qalır. 32 yaşlı oyunçu ümumi karyerası ərzində keçirdiyi 623 matçda 407 dəfə fərqlənib.

- "Barselona"nın 3:1 hesablı qələbə qazandığı matçda 1 qol, 2 assistə imza atan Lionel Messi yeni rekord müəyyənləşdirib. "Borussiya" onun ÇL-də qapısına yol tapdığı 34-cü komanda olub. Leo 33 fərqli rəqibi cəzalandıran Raul və Kriştianu Ronaldonu geridə qoymağı bacarıb. Bu, həm də Messinin "Barsa"da 700-cü oyunu idi. Bu müddət ərzində 613 qol, 250 assistlə yadda qalan argentinalı hazırda yalnız sabiq komanda yoldaşı Xavi Ernandesdən (767 oyun) geri qalır.

- "Barselona"nın 3-cü qolunun müəllifi olan Antuan Qrizmann Kataloniya klubunda qolsuzluq seriyasına son qoyub. 6 oyundan sonra fərqlənən fransalı "Barsa"nın heyətində Çempionlar Liqasında qol hesabını açıb.

- Ardıcıl 3-cü oyunda da qələbə qazana bilməyən "Borussiya" bundan əvvəl Bundesliqada "Bavariya"ya uduzub, "Paderborn"la bərabərə qalmışdı. Dortmund təmsilçisi 3 matçda qapısında 10 top görüb.

- "Zalsburq"un səfərdə "Genk" üzərində böyükhesablı qələbəsində (4:1) mühüm rol oynayan hücumçu Erlin Holand yenə fərqlənməyə imkan tapıb. Bununla o, qrup mərhələsində ardıcıl 5-ci matçı da qolsuz keçirməyib. 19 yaşlı hücumçu Çempionlar Liqası tarixində bu göstəriciyə imza atan ən gənc oyunçu olub.

- "Lill" ilə qarşılaşmada hesabı açan Hakim Ziyeş cari mövsümün ən erkən qoluna imza atıb. O, 1 dəqiqə 34 saniyədə rəqib qapısına yol tapmağı bacarıb. Maraqlıdır ki, Ziyeşin "Çelsi" ilə görüşdə vurduğu qol (1 dəqiqə 47 saniyə) bu baxımdan 3-cüdür.

- "Napoli" ilə qarşılaşma "Liverpul"un baş məşqçisi Yurgen Kloppun avrokuboklarda 100-cü oyunu olub. Geridə qalan 100 görüşdə onun komandaları 53 dəfə qələbə qazanıb, 22 dəfə bərabərə qalıb, 25 dəfə də məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!