“Azərbaycan çempionatında başqa ad-soyadla çıxıb döyüşə bilərəm”

21 İyul 2020 15:04 Boks 1 695
“Azərbaycan çempionatında başqa ad-soyadla çıxıb döyüşə bilərəm”

“Yarışdan bir gün əvvəl adi kofein tərkibli tablet atmışdım. Bunu bədənimin yorğunluğunu aradan qaldırmaq üçün etmişdim.

Məndən analiz götürəndə də nəzərlərinə çatdırmışdım. Dopinqlə tutulacağıma inanmırdım. Az-çox boksçuları, onların hansı dərmanlardan istifadə etdiklərini bilirəm.

Peşəkar boksçular da bundan yararlanır. AMADA-ya məktubumda da yazmışam ki, bu maddənin dopinq siyahısında olmamasından əminəm”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a boksçu Kamran Orucov deyib.

Ötən ilin noyabrında keçirilmiş boks üzrə Azərbaycan çempionatında 63 kq çəki dərəcəsində bürünc medal qazanmış Kamran Orucov (“Z-1” komandasının üzvü) iki il yarışlara qatıla bilməyəcək.

İyunun sonlarında AMADA (Azərbaycan Milli Anti-Dopinq Agentliyi) onda Stimulyantlar/ 4-methylhexan-2-amine (methylhexaneamine) aşkarlandığını bildirib. Bu idmançının cəzası 2022-ci il mayın 8-də başa çatacaq.

Lakin K.Orucov dopinqlə tutulması ilə razılaşmır. O, bunda Azərbaycan Boks Federasiyasını da qınayıb: “Bizə heç bir məlumat verilmir ki, bu tabletlər idmançıya yararlıdır, ya yox.

2008-ci ildən kikboksinq üzrə Azərbaycan çempionatında, daha sonra boks üzrə analoji yarışda iştirak etmişəm. Kikboksinqdə səkkiz dəfə respublika çempionuyam, boksda isə mükafatçıyam. Heç bir federasiya bizə təlim keçmir ki, bu dərman dopinq sayılır, ya yox.

Qərardan təbii ki, narazıyam. Bundan sonra mən peşəkar boksda yarışacağam. Həmin cəzanın peşəkar boksa aidiyyəti yoxdur. Ümumiyyətlə, Azərbaycan Boks Federasiyası çox aşağı səviyyədədir.

Əvvəlcədən idmançılara dopinq tərkibli dərmanlar barədə məlumat verilməlidir. 100 faiz əminəm ki, mən builki Azərbaycan çempionatında başqa ad-soyadla çıxıb döyüşə bilərəm. Heç kimin də bundan xəbəri olmaz. Yəni bu federasiyada sistemsizlik, qarışıqlıq var.

Kikboksinq olimpiya idman növü olmadığı üçün həmin federasiyanın keçirdiyi çempionatı başa düşmək olar. Amma boks olimpiya idman növüdürsə, belə olmamalıdır.

Boksda qayda-qanun, düzgünlük olmalıdır. Həmişə tələbələrinin yaşını azaldıb, “lipa” edən məşqçilərlə mübarizə aparmışam. Onlara qalib gəlsəm də, yarışlarda qələbəni mənə verməyiblər”.

Kamran Orucov bundan sonra peşəkar boksda yarışacağını bildirib: “Özüm də AMADA-ya dedim ki, bu gündən həvəskar boksda yarışmayacağam. İndi bütün gücümü peşəkar boksda çıxışa yönəltmişəm”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu