Azərbaycanlı boksçu: "Atam onun azarkeşi olduğu üçün adımı Zidan qoyub"

30 Dekabr 2023 08:50 Boks 985
Azərbaycanlı boksçu: "Atam onun azarkeşi olduğu üçün adımı Zidan qoyub"

"Adımı atam qoyub. Zinəddin Zidanın azarkeşi olduğu üçün bu adı seçib".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə qızıl medal qazanan Zidan Hümbətov deyib.

51 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyən idmançı özünün futbola marağının olmadığını bildirib:

"Adımı olduğu kimi səsləndirirlər. Hətta bəzən Zinəddin Zidan da deyirlər (gülür). Uşaqlıqdan ancaq boksla məşğul olmuşam.

Məşhur futbolçu Zidan haqqında məlumat əldə etmişəm. Fransa millisinin güclü futbolçularından biri olduğunu bilirəm".

Şirvan şəhərindən olan 16 yaşlı boksçu qızıl medal əldə etməsi barədə də danışıb:

"Qalib olmağın hissi başqadır. İlk növbədə Allahın, sonra məşqçilərimin köməyi ilə buna nail oldum.

Atamın və anamın da dəstəyini xüsusi qeyd etməliyəm. Yarışa qatılanda da birinci yeri tutmağı çox istəyirdim.

Çünki çox əziyyət çəkmişdim, məşqləri düzgün yerinə yetirirdim. Məqsədim də qalib gəlmək idi".

Zidan Hümbətov hədəflərinin boksla bağlı olduğunu diqqətə çatdırıb:

"Dünya və olimpiya çempionu olmaq niyyətindəyəm. Himnimizi səsləndirib, ölkəmizin bayrağını nüfuzlu turnirlərdə dalğalandırmaq arzusundayam".

Digər Xəbərlər
Xəbər Lenti