Daha bir istedadlı gəncin Azərbaycan millisinə yolu açıldı

3 Mart 2020 20:50 Boks 1 051
Daha bir istedadlı gəncin Azərbaycan millisinə yolu açıldı

«Azərbaycan millisinə daha bir istedad qazandırmağa çalışırıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zenit» İdman Klubunun boks komandasının məşqçisi Cavidan Qorçıyev deyib.

O, yeniyetmələr arasında ölkə çempionatında qızıl medal qazanan yetirməsi Arif Bayramov haqda fikirlərini bildirib.

52 kq çəki dərəcəsində mübarizə aparan Arif Bayramov finalda «Təhsil»in nümayəndəsi, dəfələrlə respublikadaxili və beynəlxalq yarışların qalibi olan Kamil Babayevi böyük üstünlüklə udub - 5:0.

Bayramov Qorçıyevin Azərbaycan çapında uğur qazanan ikinci yetirməsidir. Bundan öncə Elbrus Adıgözəlov ölkə birinciliyində gümüş medal əldə edib.

Gənc mütəxəssis artıq Arifin yığmaya dəvət aldığını söyləyib: «O, boksa Gəncədə başlayıb. Artıq bir müddətdir Arifi «Zenit»ə cəlb etmişik.

Çempionatdan qabaq Qəbələdə toplanış keçməsinə şərait yaratdıq. Ramiz Mirkamalov onun hazırlığına xüsusi diqqət yetirdi.

Arifin ən azı finaladək irəliləyəcəyini proqnozlaşdırmışdıq, burada isə daha güclü rəqib gözləyirdi. Kamil Babayev öz çəkisi dərəcəsində tanınan boksçudur, təcrübəlidir.

Arif Bayramovun ona qalib gəlməsi bizi ikiqat sevindirdi. Final döyüşündən sonra yığmanın məşqçisi Vaqif Şirinov bizə yaxınlaşaraq, həm təbrik etdi, həm də bildirdi ki, Arif komandaya dəvət olunur.

Bolqarıstana yollanacaq millinin toplanışında iştirak edəcək, daha sonra Avropa çempionatına aparılacaq. Fikrimcə, bu, çox düzgün qərardır. Azərbaycan yığmasının gələcəyi Arif kimi yeniyetmələr və gənclərdir.

Biz də bundan sonra böyük həvəslə çalışacağıq ki, təmsil etdiyimiz «Zenit» İdman Klubundan milliyə daha çox boksçu dəvət alsın.

Mən heç vaxt yalandan nəsə vəd etməyi xoşlamıram. İndi də söz verirəm ki, Elbrus və Arifdən sonra daha bir neçə istedadlı uşağı üzə çıxarıb, milliyə göndərəcəyik.

Hamımız Azərbaycan və onun bayrağını yüksəklərə qaldıran idmançılar yetişdirmək üçün çalışırıq».

Digər Xəbərlər
Xəbər Lenti