Görün, Azərbaycan yığması üçün kimi milliləşdiriblər! - VİDEO

17 Yanvar 2020 12:30 Boks 2 060
Görün, Azərbaycan yığması üçün kimi milliləşdiriblər! - VİDEO

Türkiyənin İstanbul şəhərində boks üzrə Əhmət Comərt turniri start götürüb. Ənənəvi yarışa Azərbaycan millisi də qatılıb.

Turnirə məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçumuz yollanıb: Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (+91 kq).

Yarışda 19 ölkədən 160 idmançı qüvvəsini sınayır. Yanvarın 18-də qaliblərin adları müəyyənləşəcək və komandamız vətənə 19-da qayıdacaq.

Onlardan Osnay Benkomo kubalıdır və yenicə gəlib. 91 kq çəki dərəcəsində vuruşan Osnay ilk görüşündə iranlı rəqibinə açıq-aşkar uduzub.

Azərbaycan Boks Federasiyasının (ABF) tez-tələsik pasport verdiyi kubalının, əslində necə zəif legioner olmasını bilmək üçün təqdim etdiyimiz videonu (1 saat 57 dəqiqədən sonra) izləmək kifayətdir

O, Umberto Orta Domingezin «tapıntısıdır». Millimizin yeni baş məşqçisinin təqdimatından sonra federasiya Osnayı Azərbaycana dəvət edib və milli formanı əyninə geyindirib. Özü də başqa saxtakarlıqlar edərək.

Belə ki, şimali amerikalı 91 kq-da döyüşsə də, çəkisi bundan xeyli azdır. Gətirilib ki, maaşından nəsə «tutulsun». «Nə qədər olsa, qənimətdir» devizi ilə hərəkət ediblər.

Hamıya məlumdur ki, ABF-nın maliyyə durumu qənaətbəxş deyil. Federasiya xeyli müddətdir ki, büdcə sıxıntısı çəkir, hətta Ağ Şəhərdə tikilən bina-baza satışa çıxarılıb. Bir neçə il öncə istifadəyə verilən nəhəng kompleksi saxlamağa vəsait tapılmır, nəticədə bir hissəsi arendatorlarun əlinə keçib.

Bu azmış kimi, idman qurğusunun mərkəzi hissəsi təyinatı üzrə istifadə olunmur. Sökülən rinqlərin yerində mini futbol meydançaları quraşdırılıb və pulu həvəskarlar hər axşamı burada keçirir. Pulunu ver, topunu qov – boksa xidmət olmasa da olar.

Əlqərəz, federasiya daha əvvəlkitək «fövqəladə dəstək» görmür. Pul varsa, o da əcnəbi məşqçilər və legionqerlər üçündür. Yerlilərlə gəlmələr arasında böyük fərq qoyulur. Umberto Orta Domingezə 10 min dollar maaş ödənilir. Onunla bərabər gələnlərə isə 5-6 min dollardan aşağı əməkhaqqı almır.

ABF son vaxtlar əl-ayağa düşüb, çünki qarşıdan Tokio Olimpiadası gəlir. Boksçular dünyanın ən mötəbər idman yarışmasında 8 çəki üzrə mübarizə aparacaq. Yığmamızın bu dəfə Tokioya tam heyətlə yollanmaq şansı azdır.

Olimpiadaya qədər lisenziya xarakterli 2 turnir keçiriləcək və proqnozlar ən yaxşı halda 3-4 vəsiqə əldə etməyimizdir. ABF bu arada bütün əlaqələrini işə salaraq, ölkə xaricində l»egioner ovu»na çıxıb və kimi gəldi, komandaya cəlb edirlər.

Ziyarət və ticarət – məqsədlərlə maraqlar üst-üstə düşür. Bunu da elə səriştəsiz və kor-koranə şəkildə edirlər ki… Üstü bəzək, altı təzək.

Bakının göbəyində yerləşən kompleks bugündədir, indi görün, bölgələrdəki boks mərkəzləri nə haldadır! Onlarla maraqlanan, problemlərini öyrənən, həll edən kimdir? Məktəblər bir-birinin ardınca bağlanır, uşaq boksu can vermir.

Neçə ildir ki, aşağıdan gələn yoxdur, yeniyetmə və gənclərin bir çoxu əlcəklərini mıxdan asaraq, karyerasına vaxtından xeyli əvvəl son verir. Yenə də diqqətsizlik ucbatından.

Federasiya 8-10 idmançını qida və cüzi maaşla təmin etməkdən boyun qaçırır, di gəl, sıra Osnay kimilərinə çatanda yağ da tapılır, əppək də.

Bir-iki il də belə getsə, yerlilərdən Azərbaycan millisinə çağırılmağa kimsə qalmayacaq. Halbuki boks həmişə ölkəmizdə ən çox sevilən idman növlərindən biri olub, öz ənənəsi, dəsti-xətti var.

Neçə-neçə boksçumuz dünya və Avropa çempionatlarında, olimpiadalarda böyük uğurlar qazanıb. ABF təcili islahatlar aparmasa, bu idman növünü birdəfəlik itirəcəyik. Onda Tokio Olimpiadasındakı fiasko da bunun yanında toya-bayrama getmək olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!