"Məqsədimiz 8 vəsiqədən ən azı 6-nı qazanmaqdır"

29 Dekabr 2019 11:53 Boks 671
"Məqsədimiz 8 vəsiqədən ən azı 6-nı qazanmaqdır"

“Hazırlığımız çox gözəl səviyyədədir. Birgə məşq etdiyimiz 2 ayda hər bir boksçudan razıyam. İntizam, fiziki və taktiki baxımından komandada çox böyük irəliləyiş var. Olimpiya lisenziyalı turnirə hazırlığımız yüksək səviyyədə davam edir. Məqsədimiz mümkün 8 vəsiqədən ən azı 6-nı qazanmaqdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri boks üzrə millimizin baş məşqçisi Umberto Orta Dominges Abşeron Olimpiya İdman Kompleksində keçirdikləri təlim-məşq toplanışının yekunları barədə danışarkən deyib.

Kubalı mütəxəssis bildirib ki, əsas hədəfi Azərbaycan yığmasına ilk qızı medalı qazandırmaqdır: “Lisenziyalara sahib olduqdan sonra 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına tam fərqli hazırlaşacağıq. Məqsədimiz Olimpiadada Azərbaycan idman tarixində yeni səhifə açmaqdır. Boks idman növündə ilk dəfə qızıl medala sahib olmağı hədəfləmişik. Yalnız bunun üçün çalışırıq və inanıram ki, bu istəyimizi həyata keçirəcəyik”.

Millinin böyük məşqçisi Nəriman Abdullayev də hazırlığın gedişindən razı qaldığını vurğulayıb. Onun sözlərinə görə, yüksək səviyyədə keçən hazırlığın bəhrəsi yalnız qələbələrdir: “Yeni baş məşqçi ilə birgə əsas məqsədimiz lisenziya turnirlərində uğurlu iştirakdır. Komandamıza cəlb olunan gənc boksçular təcrübəlilərlə birgə hazırlıq keçir. Hər şey yüksək səviyyədədir. Hazırda əsasən funksional – fiziki məşqlərə diqqət yetiririk. Xarici komandalarla birgə təlim-məşq toplanışı da planlaşdırırıq. Bu da düşərgədə olan bütün boksçular yoxlamağa hesablanıb. Azərbaycan çempionatına qatılan və icazəli iştirak etməyən bütün titullu boksçular tərəfimizdən izlənilir. Onlardan hazır və güclü olanı lisenziya turnirində mübarizə aparacaq. Ümidvarıq ki, bütün gücümüzü səfərbər edib, bacardığımız qədər lisenziya qazanacağıq”.

Dünya çempionu Cavid Çələbiyev də gələcəyə nikbin baxır. O qeyd edib ki, yeni ildən və Tokio Olimpiadasından gözləntiləri böyükdür: “Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Mən də formamı daha da artırıb, qarşıdakı yarışları qalib kimi başa vurmağı planlaşdırıram. Məqsədim yalnız inamlı çıxışdır. İnanıram ki, öncə lisenziya qazanıb, ardınca olimpiya medalına sahib olacağam. Hər bir idmançı kimi, məqsədim çempion adına yiyələnməkdir”.

Yığmanın gənc üzvü Maqsud Xasmetov (52 kq) isə böyüklərdən ibarət komandaya keçdiyi üçün sevincini gizlətməyib. Xasmetov bildirib ki, əsas məqsədi ona bəslənilən ümidləri doğrultmaq və qarşıdakı yarışlarda üçrəngli bayrağı yüksəklərə qaldırmaqdır: “Yola saldığımız ili uğurlu sayıram. Azərbaycan çempionatına ciddi hazırlaşmışdım. Çempion adına sahib oldum. Qarşıda bizi Olimpiya lisenziya turniri gözləyir. İstəyirəm ki, oraya daha yaxşı hazırlaşıb olimpiadada iştirak hüququna yiyələnim. Tokio Yay Olimpiya Oyunlarında da medal qazanmaq arzusundayam. Hədəfim üçün var gücümlə hazırlaşıram”.

Millinin liderlərindən olan Alfonso Dominges də başa çatmaqda olan 2019-cu ili dəyərləndirib. "Minsk 2019" II Avropa Oyunlarının qalibinin sözlərinə görə, il onun üçün uğurlu alınıb: “Bu il gözəl xatirələrlə yadda qaldı. II Avropa Oyunlarının qızıl medalına sahib oldum. Çox gözəl hisslər yaşadım. Bunu sözlə ifadə etmək belə çətindir. Həmçinin Yekaterinburqda təşkil olunan dünya çempionatında da iştirak etdim. Orada hər şey yaxşı gedirdi. 1/4 finaladək inamla irəliləsəm də, hakimin haqsız qərarı səbəbindən yarımfinala yüksələ bilmədim. Təbii ki, bu qarşılaşmadakı qələbə ilə ən azı bürünc medala da sahib olacaqdım. İndi həm fiziki, həm də texniki baxımdan çox yaxşı formadayam. Yeni baş məşqçi Umberto Orta Domingesin rəhbərliyi altında məşqlər çox yüksək səviyyədə keçir. Müəyyən müddətdir təlim-məşq toplanışındayıq. Hər şey yüksək səviyyədədir. İnanırıq ki, əziyyətimizin bəhrəsini görəcəyik. Lisenziya turnirlərinə çox qısa zaman qalıb. Bu yarışlarda uğurlu çıxış üçün məşqlərdə səylə çalışırıq. İnanıram ki, olimpiadaya lisenziya qazanacağam və Tokioda da gözəl nəticə əldə edəcəyəm. Bir sözlə, Yaponiyaya medal üçün yollanacağam. Ümid edirəm ki, bunun əyarı qızıl olacaq”.

İstirahətə yollanan komanda 2020-ci il yanvarın 4-də yenidən bir araya gələcək. Gələn il 13-23 martda Avropa Olimpiya Təsnifat Turniri Böyük Britaniyanın paytaxtı Londonda, 13-24 may tarixlərində isə Dünya Olimpiya Təsnifat Turniri Fransanın paytaxtı Parisdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!