Nicat ermənini məğlub etdi, ikiqat çempion oldu, bu cür sevindi - FOTOLAR

20 Noyabr 2023 01:50 Boks 398
Nicat ermənini məğlub etdi, ikiqat çempion oldu, bu cür sevindi - FOTOLAR

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final döyüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici mərhələdə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.

Yığmamızın lideri Nicat Hüseynov (51 kq) finalda Ermənistan təmsilçisi Rudolf Qarboyanla döyüşüb. Boksçumuz rəqibinə heç bir şans verməyib.

Hər 5 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. O, bununla da titulunu qoruyaraq ardıcıl ikinci dəfə Avropa çempionu olub və Budvada Azərbaycan himnini səsləndirib.

57 kq çəkidə Əzrək Bəbirov isə yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib.

Millimizə bürünc medalları Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) qazandırıb.

1 il öncə Xorvatiyada yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi.

Digər Xəbərlər
Xəbər Lenti