Azərbaycanlı xanımla ailə quran əcnəbi: “Öz-özümə dedim ki...”

7 Yanvar 2023 01:50 Boks 1 049
Azərbaycanlı xanımla ailə quran əcnəbi: “Öz-özümə dedim ki...”

Kubalı boksçu Alfonso Dominges 2018-ci ildən Azərbaycan millisinin şərəfini qoruyur.

28 yaşlı idmançı geridə qalan 4 il ərzində Minskdə Avropa Oyunlarının (2019) qalibi olub, Belqradda dünya çempionluğunu (2021) qazanıb, həmçinin, 2021-ci ildə Tokioda təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc medalına yiyələnib.

Tam adı Loren Berto Alfonso Dominges olan boksçu 2021-ci ildə azərbaycanlı xanımla ailə həyatı qurub.

Sportinfo.az xəbər verir ki, bir sıra beynəlxalq turnirlərin qalibi olmuş Alfonso Dominges “report”un suallarını cavablandırıb.

- Geridə qalan 2022-ci ili necə dəyərləndirirsiniz?
- 2022-ci il mənim üçün normal keçdi. Ötən il bir sıra turnirlərdə iştirak elədim. Polşadakı beynəlxalq turnirdə qızıl medal qazandım. Həmçinin, Azərbaycan çempionatında yarışdım, birinci yeri tutdum. Ümumilikdə ili yaxşı dəyərləndirmək olar.

- Əvvəlki illərdə Avropa Oyunlarının və dünya çempionatının qalibi oldunuz, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazandınız. Bu mənada 2022-ci ili sönük adlandırmaq olar?
- Bəli, 2021-ci ildə keçirilən olimpiadada bürünc medal qazandım. Həmçinin, dünya çempionatının, Avropa Oyunlarının qalibi olmuşam. Deməzdim ki, 2022-ci il sönük keçdi. Doğrudur, o qədər çox beynəlxalq turnir olmadı. Əsas yarışlar 2023-cü ildə təşkil ediləcək. Qarşıda bizi Özbəkistanda keçiriləcək dünya çempionatı gözləyir. Polşada da Avropa Oyunları olacaq. Hansı ki, Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Yenidən olimpiadada iştirak etmək üçün bu yarışlarda uğurlu çıxış etməyə çalışacağıq. Eyni zamanda, Avropa və dünya çempionu adına layiq görülmək istəyirəm.

- 81 kq-da, yoxsa 86 kq-da döyüşmək daha çətindir?
- Əslində, hər çəkinin özünə görə çətinlikləri var. 81 kq mənim üçün yüngül çəkidir. Amma çəki atmaq məsələsi var idi. 86 kq-da daha güclü boksçular iştirak edirlər. 91 kq-dan bu çəkiyə düşənlər var. Burada daha güclü zərbələr vurulur. Bir sözlə, rəqibin gücünü hiss edirsən.

- Millinin əvvəlki baş məşqçisi Umberto Orta Domingesin də, hazırkı çalışdırıcı Pedro Rokenin də kubalı olmasının sizə nə kimi köməyi dəyib?
- Hər iki məşqçinin mənim üçün yeri ayrıdır. Onlar ən yaxşılardan biri olmağım üçün həmişə əllərindən gələni ediblər. Kuba məktəbi olmasına baxmayaraq, həm Domingesin, həm də Rokenin fərqli taktikası var. Onları müqayisə etmək istəməzdim. Həmişə mənə köməkləri dəyib.

- 2023-cü ildən gözləntiləriniz nələrdir?
- Qarşıda duran ilk məqsədim yenidən dünya çempionu olmaq, bu titulu qorumaqdır. Avropa Oyunlarında qızıl medal qazanmaqla olimpiadaya da lisenziya əldə etmək istəyirəm. 2023-cü illə bağlı əsas hədəflərim bunlardır.

- 2024-cü ildə Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Olimpiya çempionluğu yolunda çəkinizdə əsas rəqib kimi hesab edirsiniz?
- Parisdəki olimpiadada 91 kq çəki dərəcəsində döyüşmək istəyirəm. Bu çəkidəki bütün rəqiblər güclüdür. Olimpiadaya qatılan heç bir idmançı zəif ola bilməz. Çünki yer aldığı qitənin çempionları ora qatılırlar. Heç kimə zəif gözlə baxmıram. Təbii ki, favorit boksçular var. Kubalı Xulio Sezar La Kruz, eyni zamanda, ispaniyalı və italiyalı boksçular çəkinin güclüləri sırasında olanlardır.

- Azərbaycan millisini seçəndə bildirmişdiniz ki, Kubada bir nömrəli deyilsənsə, milliyə düşmək şansın yoxdur. Maraqlıdır, Alfonso Dominges hazırda vətənində olsaydı, neçənci dərəcəli boksçu sayılardı?
- Doğrudur, Kubada bütün boksçular güclüdürlər. Çəkilərdə ilk beş boksçu, demək olar ki, eyni səviyyədədir. Onları ayırd eləmək olmur. Vətəndə qalsaydım, ən güclü üç boksçu sırasında yer alardım. Kubada, bəlkə də, bir nömrə olardım. Çünki dünya çempionatında Kubanın 86 kq çəki dərəcəsindəki ən güclü boksçusuna yarımfinalda qalib gəldim.

- Artıq uzun müddətdir Azərbaycanda yaşayırsınız. Ölkəmizlə bağlı fikirləriniz nələrdir?
- Dörd ildən çoxdur ki, Azərbaycanda yaşayıram. Bu ölkə ilə bağlı fikirlərim müsbətdir. Azərbaycanın mədəniyyətinə, mentalitetinə heyranam. Çox gözəl mədəniyyətə malik qonaqpərvər xalqdır. Şəhərdə gəzəndə mənə qarşı əsl qonaqpərvər münasibət göstərirlər. Özümü bir azərbaycanlı kimi sayıram.

- Necə oldu ki, azərbaycanlı xanımla ailə həyatı qurmaq qərarına gəldiniz?
- Yoldaşımı ilk dəfə şəhərdə anasının yanında görmüşdüm. Həmin anda öz-özümə dedim ki, bu xanım gələcəkdə mənim həyat yoldaşım olacaq. Çünki çox bəyənmişdim. Sonra onu tapdım və münasibətimiz başladı.

- Azərbaycan mətbəxi ilə aranız necədir? Yoldaşınızın bişirdiyi yeməklər arasında ən çox hansını xoşlayırsınız?
- Azərbaycan mətbəxi ilə aram çox yaxşıdır. Yoldaşımın bişirdiyi yeməklərdən dolmanı, aşı çox xoşlayıram. Özümün də dadlı yeməklər bişirmək qabiliyyətim var.

- 2022-ci ildə övladınız dünyaya gəldi, digər tərəfdən, ananız vəfat etdi. Həm valideyn olmaq, həm də valideynini itirmək necə hissdir?
- Düzdür, ötən il mənim üçün həm düşərli, həm də uğursuz oldu. Düşərli oldu, ona görə ki, övladımın dünyaya gəldi. Ancaq anam vəfat etdi. Valideyn olmaq gözəl hissdir. Övladın olanda valideyninin sənin yolunda necə əziyyətlər çəkdiyini anlayırsan. Uşağının ağlaması belə, adama pis təsir edir. İstəmirsən ki, övladın ağlasın. Çünki ürəyin yanır, hansısa probleminin olub-olmadığını düşünürsən. Valideyni itirmək isə çox pis hissdir. Məni dünyaya gətirən anamı bir daha görə bilməyəcəyim duyğusu çox ağırdır.

- Hələ cəmi 28 yaşınız olsa da, karyeranızı bitirdikdən sonra harada yaşayacağınızla bağlı, yəqin ki, evdə müzakirələr aparmısınız. Gələcəkdə Kubaya köçməyi, yoxsa Azərbaycanda yaşamağı planlaşdırırsınız?
- Karyeramı hələ davam etdirmək istəyirəm. Nə vaxt boksdan ayrılmağa qərar versəm, harada yaşayacağımızı yoldaşımla birlikdə müzakirə edəcəyik. Açığı, Kubaya köçməyi düşünmürəm, Azərbaycanda qalmağı planlaşdırıram. Çox güman ki, karyeramı bitirdikdən sonra da Azərbaycanda yaşayacağıq.

Digər Xəbərlər
Xəbər Lenti