Azərbaycan çempionatında komanda sayı açıqlandı – Əcnəbi hakimlər də olacaq

18 Oktyabr 2022 02:10 Boks 633
Azərbaycan çempionatında komanda sayı açıqlandı – Əcnəbi hakimlər də olacaq

Oktyabrın 18-də kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək.

Sportinfo.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 38 komandanın 146 boksçusu qatılacaq.

Yarışın açılış mərasimi saat 13:30-da, döyüşlər saat 14:00-da başlayacaq. Açılış mərasimindən öncə çempion və veteran boksçuların Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşü olacaq.

Çempionatda qaliblərin adına oktyabrın 25-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Yarışın baş hakimi Emil Qurbanəliyev olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər.

Türkiyə və Özbəkistandan olan 4 hakim İBA-nın 3 ulduz kateqoriyasına, həmçinin dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsinə malikdir.

Digər Xəbərlər
Xəbər Lenti