Vəzifəsindən uzaqlaşdırılan icra başçısı danışdı: “Kim deyirsə kasıbam...”

11 Fevral 2022 17:00 Boks 776
Vəzifəsindən uzaqlaşdırılan icra başçısı danışdı: “Kim deyirsə kasıbam...”

Azərbaycan Boks Federasiyasına yeni prezident seçilib.

Federasiyanın vitse-prezidentlərində və idarə heyətində də dəyişikliklər olub.

Sportinfo.az xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov öz postundan uzaqlaşdırılıb.

Federasiyadan uzaqlaşdırılması ilə bağlı manset.az-a açıqlama verən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bunu öz səhhəti ilə əlaqələndirib.

“Mən uzaqlaşmamışam, federasiyada qalıram. Mənim hazırda nə səhhətim, nə əsəbim buna tab gətirmir.

Mən Dünya Boks Federasiyasının Direktorlar Şurasının üzvüyəm, SSRİ idman ustasıyam. Mən yenə də federasiyada qalıram, əlimdən gələn köməkliyi edəcəyəm.

Kim deyirsə, kasıb icra başçısıyam, ona görə uzaqlaşdırılıram, mən icra başçısıyam, 15 ildir bu vəzifəni daşıyıram, dövlətimizin pulu da var, federasiyalara pul da ayrılır”.

Daha sonra “Siz çempionatlara gedən boksçuların siyahılarına müdaxilə edirmişsiniz, bu səbəbdən federasiyadan uzaqlaşdırıldığınız bildirilir” sualına isə Süleyman Mikayılov cavab vermək istəməyib.

Azərbaycan Boks Federasiyasına əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev prezident, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.

Digər Xəbərlər
Xəbər Lenti